Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək və vahid substansiyasının əlamətləridir. Hər bir ad bütün substansional, atributiv və aktiv kamillik səciyyələrinə malikdir. Allahın adlarındakı fərqlər əhatəlilik və digər təsnifatlar nəzərə alınmadan öz əksini yalnız kamillik səciyyələrinin təzahürü və gizliliyində tapır. Yəni hər bir ad bütün ilahi kamillikləri ehtiva edir və onların hamısının daşıyıcısıdır. Lakin adlar arasındakı fərqlilik bu kamil səciyyələrin aşkar və gizliliyi ilə izah edilir. Buna görə də hər bir adın simvolik ifadəsi digər adların kamil səciyyələrinin də daşıyıcısıdır. Baxmayaraq ki, sözügedən kamil səciyyələr faktiki olaraq görünmür.
Allahın camal və cəlal adları müxtəlif rəmzlərə malikdir[1]. Haqqın qəzəbi sevgisində, sevgisi isə qəzəbində gizli şəkildə mövcud olduğu üçün Allahın qəzəb atributu öz miqyasında ilahi sevgiyə, sevgisi isə öz miqyasında ilahi qəzəbə malikdir. Qisas və müdafiə ayələri sevginin qəzəb örtüyündə gizlənməsini bariz şəkildə təcəssüm edir. Qəzəb atributunu simvolizə edən qisas, edam, ölüm, qan tökülməsi, fəth, intiqam, qəzəb, hökmranlıq, istila, dominantlıq və s. xüsusiyyətlər sevgini simvolizə edən həyat bəxş etmək, diriltmək, qanın qorunması, sevgi, sağaltmaq, şadlıq və s. xüsusiyyətlərlə müşayiət olunur.
Cəlal və camal sahibi olan Allah belə buyurmuşdur: “Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir.”[2] Yəni zahiri edam daxilən həyat bəxş etmə xüsusiyyətinə malikdir, başqalarının haqsız yerə öldürülməsinin qarşısını alır. Bu fərdi ölüm cəmiyyətin sosial həyatını təmin edir. Keçəri qəzəb davamlı sevgiyə səbəb olur. Müqəddəs müdafiə və yadların hücumları zamanı qaçılmaz müharibə ilə bağlı belə buyurmuşdur: “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin.”[3] Bu ayə Allah yolunda ölməyi məhv olmaq, cihad və müdafiəni əbəs bir addım hesab edən insanın şübhəsinə aydınlıq gətirmək üçün müharibə və müdafiə ayələri kontekstində nazil olmuşdur. Ayənin məzmununa əsasən ilahi qəzəbi simvolizə edən zülm və zorakılığa qarşı mübarizə, kin-küdurətə qarşı qiyam və nahaqqa qarşı müharibə ilahi sevgini simvolizə edən haqqla sülh bağlamaq, haqq-ədalət qarşısında təslim olmaq, fərdin özünün və digərlərinin həyatını xilas etmək səciyyələri ilə müşayiət olunur.
Bütün səmavi göstərişlər həyat bəxş edəndir. Həyatilik xüsusiyyəti cihad və müdafiə üçün səciyyəvi olmadığı halda yuxarıda qeyd olunan ayə nahaqqla müharibə, Allah yolunda fədakarlığa şamil olur. Quran məntiqində qüvvələr döyüşə o zaman səfərbər edilməlidir ki, çağırışçıların dəvətinin qəbul edilməsi həyat zərurətini təmin etsin. Zülmə qarşı aparılan mübarizə, bu yolda atılan addım, cihad və döyüş meydanında iştirakdan sonra əldə edilən yüksək şəhidlik zirvəsi Quranda belə qiymətləndirilir: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.”[4] Deməli, ilahi qəzəbi simvolizə edən müdafiə fərdi və sosial həyatı, sağlam dünya və axirət həyatını sığortalayır. Bu, sevginin qəzəb örtüyü ilə örtülməsi və ya qəzəb örtüyünün sevgi toxumunu əhatə etməsidir.
[1] Camal və cəlal – gözəllik və əzəmət və ya sevgi və qəzəb məfhumlarını ifadə edir.
[2] Bəqərə surəsi/179.
[3] Ənfal surəsi/24.
[4] Ali-İmran surəsi/169.