Nafilələrin arasında gecə namazı daha artıq fəzilətə malikdir. Belə ki, Quranda və hədislərdə onun barəsində çoxlu təkid və tövsiyələr gözə dəyir. Mütəal Allah Peyğəmbəri-Əkrəmə (s) buyurur: “Gecənin bir qismini qalxıb namaza məşğul ol. Bu, sənin üçün müstəhəbdir. Bununla Allah səni bəyənilmiş bir məqama məbus edəcək.”[1]
Allah Öz xalis bəndələrini tərif edərkən buyurur: “O kəslər ki, gecəni Pərvərdigarları üçün səcdə və qiyam halında keçirirlər.”[2]
Möminlərin vəsfində buyurulur: “Gecə yataqlarından dururlar. Həm qorxu, həm də ümidlə Allahı çağırırlar. Onlara verdiyimizdən infaq edirlər. Heç kəs bilmir ki, əməlləri müqabilində onları necə nemətlər gözləyir!”[3]
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Mütəal Allah dünyaya vəhy etdi ki, sənə xidmət edənləri çətinliyə sal, səni tərk edənlərə xidmət et. Allahın bəndəsi gecə qaranlığında Pərvərdigarı ilə xəlvətdə münacat edərkən Allah onun qəlbini nurani edir. O, “ey mənim Rəbbim” deyərkən Allah tərəfindən belə nida olunur: “Bəli, ey Mənim bəndəm! Nə istəyirsənsə istə, əta edəcəyəm. Mənə təvəkkül et ki, sənə kifayət edim.” Sonra Allah mələklərinə buyurar: “Baxın bəndəmə, görün gecə qaranlığında Mənimlə necə münacat edir, halbuki, dünya əhli bihudə və boş–boş işlərlə məşğuldurlar, qafillər yuxudadırlar. Siz şahid olun ki, Mən bu bəndəmi bağışladım.”[4]
Peyğəmbəri-Əkrəm (s) yenə buyurur: “Mənim ümmətimin ən şərəfliləri Quranı öyrənənlər və gecəni oyaq qalanlardır (ibadətlə keçirənlərdir).” [5]
O Həzrət (s) yenə buyurur: “Cəbrail gecə namazı barəsində o qədər tövsiyə etdi ki, ümmətimin yaxşılarının gecəni yatmayacağını güman etdim.” [6]
Başqa bir hədisdə isə belə buyurur: “Gecə yarısı qılınan iki rəkət namaz mənim üçün dünya və onda olanlardan daha sevimlidir.”[7]
İmam Cəfər Sadiq (ə) buyurur: “Gecə namazı qılmaq üzü gözəl, əxlaqı yaxşı, insanı ətirli edir. Ruzini artırır, borcu əda edir, qəm–qüssəni aradan qaldırır və gözə nuranilik verir.” [8]
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Gecə namazı Allahın razılığını, mələklərin məhəbbətini qazanmaq üçün bir vasitədir. Gecə namazı peyğəmbərlərin sünnəsi, mə’rifət nuru, imanın köküdür (çünki iman gecə namazı vasitəsilə güclənir). O, bədəni aramlaşdırır, şeytanı qəzəbləndirir. O, düşmənlər əleyhinə çəkilən bir silah, duaların və əməllərin qəbul olunması üçün bir vasitədir. İnsanın ruzisinə bərəkət verir, Ölüm mələyi ilə namaz qılan arasında şəfaətçi olur. O, qəbrin çırağı və döşəməsi, Münkərlə Nəkirin cavabıdır, qiyamətə qədər qəbirdə namaz qılanın ziyarətçisi və munisi olacaqdır. Qiyamət bərpa olan zaman namaz onun başına kölgə salacaqdır. Onun başında bir tac, bədənində bir paltar olacaqdır, onun qarşısındakı bir nur onunla cəhənnəm atəşi arasında bir pərdə salacaqdır. Mö’min üçün Allahın yanında bir höccət, əməl tərəzisinin ağırlaşma vasitəsi, siratdan keçmə hökmü, behiştin açarıdır. Çünki namaz təkbir, həmd, təsbih, təqdis, tə’zim, qiraət və duadan ibarətdir. Həqiqətən vaxtında qılınan namaz əməllərin ən fəzilətlisidir.”[9]
Gecə namazının fəziləti barəsində çoxlu ayə və rəvayətlər vardır. Gecə namazını qılmaq peyğəmbərlərin və Allah övliyalarının adətidir. Peyğəmbəri-Əkrəm (s) və onun Əhli beytindən olan məsum imamlar (ə) gecə namazına xüsusi diqqət və əhəmiyyət vermişlər. Allah övliyaları və ariflər gecə namazına davamiyyət vasitəsilə, səhər sübh namazından qabaq zikr və duaya məşğul olduqlarından ali məqamlara çatmışlar. Allahın bəndəsinin sübh namazından qabaq yuxudan duraraq özünün yumşaq yorğan döşəyini tərk edib dəstəmaz alaraq gecə qaranlığında gözlər yuxuda olan zaman Pərvərdigari-Aləmin hüzurunda dayanması, Onunla raz-niyaz etməsi necə də çox gözəl bir işdir. O, bu merac vasitəsilə yüksək aləmlərə seyr edir, asimanların mələkləri ilə yoldaş olur, Allaha təsbih, təqdis deməyə məşğul olur. Belə bir halda onun qəlbi Allah nurunun saçma mərkəzinə çevrilir, ilahi cazibələrlə qürb məqamına doğru yüksəlir.
[1] “İsra” surəsi, ayə: 79
[2] “Furqan” surəsi, ayə64
[3] “Səcdə” surəsi, ayə:16
[4] “Biharul-ənvar”, 87-ci cild, səh.139
[5] “Biharul-ənvar”, 87-ci cild, səh.138
[6] “Biharul-ənvar”, 87-ci cild, səh.148
[7] “Biharul-ənvar”, 87-ci cild, səh.148
[8] “Biharul-ənvar”, 87-ci cild, səh.153
[9] “Biharul-ənvar”, 78-ci cild, səh.161