Ayətullah Misbah Yəzdi buyurur: Şübhəsiz ki, dini hökmləri tanımaq üçün Əhli-beytdən (ə) nəql olunmuş rəvayətləri tərcümə edib xalqın ixtiyarına vermək düzgün deyil. Bəziləri iddia edirlər ki, fəqihlərin risalə yazmasına ehtiyac yoxdur və xalq özü rəvayətlərdən nəticə çıxarmalıdır. Hansı ki, rəvayətləri anlamaq üçün müqəddimə biliklərə ehtiyac var. Rəvayətin qəbul olunması üçün şərtlər mövcuddur. Ən əsası rəvayətin mötəbərliyi təyin olunmalıdır. Bunun üçünsə fundamental biliklərə ehtiyac var. Yalnız fəqihlər rəvayətləri araşdırıb, onları müqayisə etmək və sonda düzgün qənaətə gəlmək imkanına malikdirlər. Bəzən nəql olunmuş rəvayətin əsas məqsədi qapalı olur. Bu qəbil rəvayətləri düzgün anlamaq üçün insan hədis elmi ilə tanış olmalı, düzgün nəticə əldə etmək üçün oxşar rəvayətlərdən istifadə etməlidir.
Məsumların rəftar və əməllərindən danışan müəyyən rəvayətlər üçün isə hər hansı şərt qoyulmur. Bu qəbil rəftarlardan hamı, istənilən məkan və zamanda istifadə edə bilər. Uyğun rəvayətləri nümunə götürmək üçün ictihada ehtiyac yoxdur. Məsələn, həzrət Əli ibn Əbu Talibin ədalətə münasibəti həmişə örnəkdir. Bəzi rəftarlar isə mütləq deyil, onların qəbulu üçün müəyyən şərtlər ödənməlidir. Kimsə şübhə etmir ki, Əli ibn Əbu Talib ibadət əhli idi, Quran oxuyurdu. Onun düşmənləri də qəbul edirlər ki, Əmirəl-möminin vaxtının çoxunu ibadətdə keçirirdi. Həzrət hətta xurma bağılarında işlədiyi vaxt zikr edir, dua oxuyur, Quran qiraət edirdi. Amma araşdırmaya ehtiyaclı suallar da var. Məsələn, bir müstəhəb əməl o biri vacib əmələ mane olduqda Əmirəl-möminin müstəhəb əməli yerinə yetirirdimi? Məsələn, Əmr ibn Əbduvədlə savaşa getməli olduğu vaxt namazı döyüşdən üstün sayırdımı? Şübhəsiz ki, Əmirəl-möminin həm ibadət, həm də cihad əhli idi. İki iş bir-birinə mane olduqda həzrət daha mühümünü seçirdi. Demək, Əmirəl-mömininin əməl və rəftarlarından ibrət götürmək üçün müəyyən şərtlər nəzərə alınmalıdır. Məsələn, namazın cihada mane olması bir şərtdir. Bu qəbil qeyri-mütləq məsələlərdə elmin dərinliyinə varmaq, ictihad etmək lazımdır. Hər hansı rəvayətə kor-koranə təqlid etmək olmaz, müəyyən dəlillər əldə olunmalıdır. İnsan zəruri şərtləri araşdırmaq gücündə olduqda daha mühüm əməli seçə bilir. Bəli, Əhli-beytin (ə) buyuruqlarını anlamaq üçün çox vaxt ictihada ehtiyac olur. Əhli-beytin (ə) müəyyən əməllərinə təqliddə də ictihad zəruridir. Fəqih müəyyənləşdirir ki, hansı əmələ hansı şəraitdə təqlid olunmalıdır.