Cəbr və ixtiyar o mövzulardandır ki, insanı davamlı olaraq düşünməyə vadar edir. İnsanların bir çoxu belə təsəvvür edirlər ki, Allah əvvəlcədən insanın səadət və bədbəxtliyini müəyyən etmişdir. Ona görə də bu yolda səy göstərməsinin heç bir faydası yoxdur. Ancaq əgər düzgün təfəkkür etsək, görərik ki, bu məsələ Allahın ədaləti ilə uyğun gəlmir.
Allah Təala Quranda buyurur: “Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir. Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir”. (”Nəcm” 39-41).
O şey ki, insana dünya və axirətdə nəsib olar, səy və təlaşına görə olar. Heç bir xəzinə səy göstərmədən insana nəsib olmaz. Ona görə də Qiyamət günü Allahın razılığı və behişt o kəsə nəsib olar ki, dünyada səy göstərmişdir. Nəinki o kəsə ki, Allah guya əvvəlcədən onun taleyini belə yazmışdır.
Ramazan ayının dualarından birində İmamlarımız (ə) mehriban Allaha belə dua edirlər: “Əgər bizim adımız saədətlililərin dəftərindən yoxdursa, bu ayda bizim adımızı səadətlilərin dəftərinə keçirt”. (Erfan)
Bu duadan da aydın olur ki, insan üçün əvvəlcədən təyin edilmiş bir dəftər yoxdur ki, ona əsasən əvvəlcədən bir dəstə xoşbəxt olsun, bir dəstə bədbəxt. İnsan öz hərəkət və əməlləri ilə özünü xoşbəxt və ya bədbəxt edir.
“Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz, onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir”. (“Bəqərə” 110).