Təbii ki, insanlar arasında mühakimə hansısa qanun əsasında aparılmalıdır. Həzrət Musa Allahın elçisi olduğundan bu işdə ilahi göstərişlərə əsaslanmalı idi. O öz düşüncə və istəyi əsasında mühakimə apara bilməzdi. Buna görə də Allah-təala Musaya xitabən buyurur: “Aralarında sənə nazil etdiyim kitab əsasında mühakimə apar.” Musaya nazil olmuş kitab Tövrat idi. Həzrət Musa xalqı Tövrata dəvət etməli və bu kitab əsasında hökm verməli idi. Ona Tur dağında qırx günlük ibadətindən sonra Tövrat nazil oldu. Bu kitabda həzrət Musanın şəriət hökmləri bəyan olunmuşdu. Quran və rəvayətlərə əsasən bu kitab lövhələr şəklində bir başa nazil olmuşdu. Bu kitabda Bəni-İsrailin, həzrət Musa dövrünün və ondan sonrakı insanların həzrət İsanın besətinədək ehtiyac duyduğu qanunlar əks olunmuşdu. Qurani-kərimdə bu barədə buyurulur: “Onun üçün həmin lövhələrdə hər bir öyüdü və hər bir şərhi yazdıq. (Dedik ki,) ondan möhkəm tut və qövmünə də onun ən üstününü öyrənməyi tapşır. Tezliklə sizə fasiqlərin yerini göstərərəm.”[1]
İmam Sadiq (ə) həzrət Musaya nazil olmuş Tövrat və lövhələr haqqında buyurur: “Cəfr elmində müşahidə etmişəm ki, Allah-təala Musaya lövhələr nazil etdi və bu lövhələrdə olmuşlar və qiyamətədək olacaqlar bəyan olunmuşdu. Həzrət Musanın risaləti sona yaxınlaşanda Allah ona vəhy etdi ki, behişt zəbərcədindən hazırlanmış lövhələri Zinət dağında əmanət qoysun. Həzrət Musa həmin dağa gedəndə dağ yarıldı və o lövhələri dağdakı yarığa qoydu. İslam peyğəmbərinin (s) besətinədək lövhələr dağda qaldı. Peyğəmbərlə (s) görüş üçün Mədinəyə üz tutmuş Yəmən əhli həmin dağa çatanda qəfildən dağ yarıldı və həmin lövhələr göründü. Karvan əhli lövhələri götürüb yoluna davam etdi. Onlara ilham olunmuşdu ki lövhələrə baxmasınlar. Cəbrail də öz növbəsində əhvalatı Peyğəmbərə (s) xəbər vermişdi. Karvan əhli Peyğəmbərlə (s) görüşəndən sonra həzrət onlardan lövhə haqqında soruşdu. Onlar dedilər: “Bunu sizə kim xəbər verdi?” Həzrət buyurdu: “Allah-təala məni xəbərdar etdi.” Onlar dedilər: “Biz şəhadət veririk ki, sən Allahın rəsulusan.” Sonra lövhələri həzrətə təqdim etdilər. Həzrət Peyğəmbər (s) təbərani dilində yazılmış lövhələri oxuyub Əmirəl-möminini (ə) çağırdı və buyurdu: “Al bu lövhələri. Onlarda keçmişlərin və gələcəyin elmi var. Bunlar həzrət Musanın lövhələridir. Allah mənə əmr edib ki, onları sənə tapşırım. Əmirəl-möminin (ə) buyurdu: “Mən onları oxuya bilmirəm.” Həzrət (s) buyurdu: “Cəbrail buyurub ki, bu gecə onları başının altına qoyasan. Səhəri gün onlardan agah olacaqsan.” Əmirəl-möminin (ə) buyurur ki, mən gecə lövhələri başımın altına qoydum. Səhəri gün Allah-təala məni bu lövhələrdən agah etdi. Peyğəmbər (s) buyurdu ki, onlardan bir nüsxə hazırlayım. Mən ondan bir nüsxə hazırladım. Həmin nüsxə hazırkı cəfrdir. Orada keçmişlərin və gələcəyin elmi var. Həmin nüsxə, lövhələr və Musanın əsası bizdədir…”[2]
Deyildiyi kimi Tövrat və lövhələr həzrət Musaya bir dəfəyə nazil oldu. Olsun ki, şəriət hökmləri və qanunları yalnız həzrət Musaya bütövlükdə nazil olmuşdur. İslamın zühurundan sonra Quran ayələri tədricən, müxtəlif məqamlarda, 23 il ərzində nazil oldu: “Quranı hissə-hissə nazil etdik ki, onları xalqa aram oxuyasan. Onu tədricən nazil etdik.”[3]
[1] “Ə’raf”, 145
[2] Hüveyzi, “Təfsiri-nurus-səqəleyn”
[3] “İsra”, 106