İmam Sadiq (ə) buyurur: “Bu zamanlarda dua etmək duanın qəbul olmasına səbəb olar: günəş çıxmazdan və batmazdan əvvəl”.
Həzrət Peyğəmbər (s) zöhr yaxınlaşan zaman dörd rükət namaz qılar və buyurardı: “Bu saat səmanın qapılarının açıldığı zamandır. Mən istəyirəm ki, bu saatda məndən yaxşı əməl yuxarı qalxsın”.
Bu hədislərdən belə nəticə çıxartmaq olur ki, zamanın duanın qəbul olmasına təsiri vardır. Allah Təala Quranda təsbih etmək üçün xüsusi zamanları bizə tanıtmışdır. Bu zamanlar ən qızıl fürsətlərdir ki, bizi Allaha yaxınlaşdırar. Qədr gecəsi kimi.
Təsbih sözü Quranda 85 dəfə istifadə edilmişdir. Təsbih sözü “səbbəh” sözündən götürülmüş və mənası su və havada sürətlə hərəkət etməkdir. Dinimizdə isə təsbih sözü Allah ibadətində sürətlə hərəkət etmək deməkdir.
Əmirəl-mömininə (ə) “Sübhənallah” sözünün mənası haqqında sual verirlər və Həzrət (s) buyurur: “Təsbih, təzim Allah Təalanın cəlalını böyük hesab etmək və Onu müşriklərin Onun haqqında dediklərindən pak bilməkdir. Ona görə də o zaman ki, bəndə “Sübhənallah” deyər, hər mələk ona salavat göndərər”.
Təsbih – həqiqətdə təsbih edənin etiqadının nişanəsidir. Allahdan hər bir nöqsanı kənarlaşdırar. Bəs təsbihi hansı zamanlarda edək?
“Buna görə də onların (peyğəmbərliyin inkarı, rübubiyyətdə şirk və Qiyamətin təkzib edilməsi barəsində) dediklərinə səbir et və Günəş çıxandan qabaq və onun batmasından öncə öz Rəbbini həmd-səna ilə birlikdə pak sifətlərlə mədh et (hər bir eyb və nöqsandan pak bil, yəni sübh, zöhr və əsr namazlarını qıl). Və gecənin bir hissəsində də Onu pak sifətlərlə mədh et(məğrib və işa namazlarını qıl) və həmçinin səcdələrin ardınca (bütün namazların səcdələrindən sonra Onu pak siftələrlə xatırla)”. (“Qaf” 39-40).
“Buna görə də onların dediklərinə səbir et və günəş çıxandan və batandan qabaq Rəbbini, Ona sitayişlə birlikdə pak sifətlərlə mədh et (sübh, zöhr və əsr namazlarını qıl və ya digər zikrləri oxu). Həmçinin Onu (məğrib və işa namazlarını qılmaq və digər zikrləri oxumaqla) gecə saatlarında və (nafilə namazları və digər ibadətlərlə) günün radələrində pak sifətlərlə mədh edərək müqəddəs bil ki, bəlkə (Allahın lütflərinin sənə şamil olması ilə) razı qalasan”. (“Taha” 130).
Bu ayələrdən belə başa düşmək olur ki, beş vacib namaz zamanı dua etmək – ən fəzilətli zamanlardır ki, duanın qəbul olunmasına səbəb olar. Hədislərimiz günəş çıxan və batan zaman da edilən duaların qəbul olmasını buyururlar.