Böyük arif mərhum Mirzə Cavad Məliki Təbrizi ağa belə buyurub:
“İslam peyğəmbəri (s) səcdənin uzadılması barəsində təkidli göstərişlər vermişdir. Bu da çox mühüm bir məsələdir. Uzun səcdə bəndəlik etmək istəyənlərin ən yaxın yoludur və məhz həmin cəhətə görə namazın hər rükətində iki səcdə şəri qanun halına salınmışdır. İmamlar (ə) və onların şiələrinin uzun-uzadı səcdələri barəsində mühüm mətləblər nəql olunmuşdur. İmam Səccadın (ə) namazlarının birində səcdədə min dəfə “La ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu təəbbudən və riqqa, la ilahə illəllahu imanən və sidqa.” – cümləsini dediyi qeydə alınıb. İmam Museyi-Kazimin (ə) barəsində yazırlar ki, bəzən onun səcdəsi sübhdən zöhrə qədər davam edirdi.
Nəcəfi-Əşrəfdə təhsil aldığım dövrlərdə mənim bir ustadım vardı. O, təqvalı tələbələrin müraciət yeri idi. Ondan soruşdum: “Hansı əməli təcrübədən çıxarmısınız ki, təkamül yolçusunun halına daha təsirli olsun?” Buyurdu: “Hər gecə-gündüzdə uzun bir səcdə yerinə yetir və səcdə halında “La ilahə illa ənt, subhanəkə inni kuntu minəz-zalimin” – cümləsini de və zikr halında buna diqqət yetir ki, “Pərvərdigarım elə pakdır ki, mənə azacıq olsa belə, zülmü rəva görməz, əksinə özümə zülm edən mən özüməm və özüm özümü belə bir həlakət uçurumuna atmışam.”
Ustadım hörmət etdiyi şəxslərə bu səcdəni tövsiyə edirdi. Hər kəs onu yerinə yetirirdisə, xüsusilə bu səcdəni daha çox uzadan şəxslər, təsirini əməldə müşahidə edirdi. Onlardan bəziləri o zikri min dəfə, bəziləri az, bəziləri daha artıq təkrar edirdilər. Eşitmişdim ki, onlardan bəziləri bu zikri səcdədə üç min dəfə təkrar edirmiş.”