İnsan ictimai varlıq olduğundan, təbii ki, qarşılıqlı kömək və həmkarlığa möhtacdır və onsuz ictimai həyat mümkünsüzdür. İnsan həyatının bütün sahələrini ehtiva edən İslam dini uyğun mövzuya da xüsusi yer ayırmış, onu fitri ehtiyacla yanaşı, mənəvi ölçülərlə düyünləmişdir. Möminin qəlbini sevindirmək, qəm-qüssəsini aradan qaldırmaq başqalarına yardım məsələsində daha geniş və dolğun bir təbirdir. İmam Rza (ə) mömini sevindirmək haqda belə buyurur:
فَإِنَّهُ لَيْسَ شَيْءٌ مِنَ الْأَعْمَالِ عِنْدَ اللَّهِ عَزَّ وَ جَلَّ بَعْدَ الْفَرَائِضِ أَفْضَلَ مِنْ إِدْخَالِ السُّرُورِ عَلَى الْمُؤْمِنِ
“Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl yoxdur.”[1]
Bu məsələnin əhatəsi uyğun zarafatdan tutmuş maddi və mənəvi yardımlar, maddi və mənəvi çətinliklərin aradan qaldırılmasına qədər genişdir. Necə ki, imam Rza (ə) başqa bir hədisdə buyurur:
مَنْ فَرَّجَ عَنْ مُؤْمِنٍ، فَرَّجَ اللَّهُ عَنْ قَلْبِهِ يَوْمَ الْقِيَامَةِ
“Hər kim bir möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini aradan qaldırar.” [2]
Hər iki hədisdə göstərilən “mömin” qeydi diqqəti özünə cəlb edir. Mömini isə günahla sevindirmək olmaz. Mümkündür ki, bəziləri bu və bu kimi hədislərdən sui-istifadə edərək yersiz deyib-gülmək və zarafatlaşmaqla həddi aşır, nəticədə günaha qurşanır və bəhanə gətirirlər ki, mömini sevindirmək savabdır. Hansı ki, mömini sevindirmək o zaman savabdır ki, onun günahdan yayındırsın, imanını artırsın, onu Allaha daha da yaxınlaşdırsın.
Qeyd eməliyik ki, sevinmək və şadlanmaq fitri istək və meyildir. İnsan fitrətən şadlıq sorağındadır. Əlbəttə, narkotik maddələr, spirtli içkilər və eyş-işrət məclisləri kimi şəxsiyyəti, ailəni və cəmiyyəti bədbəxtliyə sürükəyən saxta və aldadıcı şadlıqlar İslamda yasaqdır. Bu sayaq şadlıqlar həm təkamülə maneədir, həm də insanı hərəkət və çalışqanlıqdan saxlayır. Qurani-Kərimdə buyurulur ki, axirət həyatına inanmayan, öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna qayıtmayacaqlarını zənn edərək, bu dünyada əhli-əyalı, yaxınları və dostları ilə sevinc içində olanların axirətdə vəziyyəti çətin olacaqdır. [3] Odur ki, İslam dini insanı əbədi səadətdən məhrum etməyən, axirət sevincinə qənim kəsilməyən dünya şadlığı və sevincinə önəm verir. Əlbəttə, qiyamət günü möminlərə əta olunacaq nemətlərdən biri də sevinc və şadlıqdır. “Ğaşiyə” surəsinin 8-ci ayəsində buyurulur:
وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ
“O gün bir çox üzlər sevinəcək.”
Ali-İmran surəsinin 170-ci ayəsində Allahın rəhmətini qazanmış şəhidlər haqqında buyurulur:
فَرِحِينَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُواْ بِهِم مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
“Onlar Allahın Öz mərhəmətindən bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.”
Bir sözlə, ilahi bəndələri sevindirmək və çətinliklərini aradan qaldırmaqda insanın niyyəti ilahi nərgə boyanmalıdır. Bu zaman “yaxşı əməl” adı ilə ona veriləcək savab və mükafat da qat-qat artacaqdır.
[1] “Əl-fiqhul-mənsub iləl-imamir-Riza (ə)”, səh.339.
[2] “Əl-kafi”, 3-cü cild, səh.510.
[3] “İnşiqaq” surəsi, ayə 13-15.