Ustad Abdullah Fatimi Niya buyurur: Əbdül-Həsən əl-Xəlii adlı bir şair olub. Mən bu şairin tərcümeyi-halını əldə etmək üçün çox zəhmətlər çəkmişəm. Təzkirələr (tanınmış şəxsiyyətlərin həyat və yaradıcılığına dair əsərlər) və tərcümə olunmuş kitablar arasında yalnız Qazi Nurullah Şüştəri “Məcalis əl-mömin” əsərində bu şair haqqında başqalarına nisbətən daha ətraflı məlumat vermişdir. Sonralar isə məlum oldu ki, Əllamə Əmini “Əl-Ğədir” əsərində bu şairin tərcümeyi-halnı tam və ətraflı şəkildə vermiş və əsərin bir cildinin təxminən yarısını bu şairin həyatına həsr etmişdir.
Şair Xəliinin valideynləri nasibilərdən və onların övladları, yəni Xəlii də həmin əqidəyə uyğun şəkildə böyüyüb başa çatmışdı.
O, fasiq bir insana çevrilir, belinə xəncər bağlayaraq İmam Hüseynin (ə) zəvvarlarının qabağını kəsir, onları soyub talayırdı. Bir gün adəti üzrə həmişə durduğu yerdə dayanıb zəvvarları gözləyirdi. Bu vəziyyətdə onu yuxu aparır və yuxuda ona başa salınır ki, sənin tutduğun bu iş səhv və yalnış bir yoldur. Beləliklə onu qəflət yuxusundan oyadırlar və o tam başqa insana çevrilir. Tövbə edir və Seyidiş-Şühədanın (ə) hərəminə gedərək Ağadan üzrxahlıq edir!
O, şeir yazmaqda güclü istedada malik bir insan olmuşdur. Həmin vəziyyətdə, hərəmdə olduğu vaxt çox gözəl bir şeir yazır və şeri tamamladığı andaca mübarək zirehin yuxarısından bir xələt və bəxşiş onun düz başına düşür. İmam (ə) ona bəxşiş olaraq xələt verir! O vaxtdan etibarən də onun ləqəbi “Xəlii” qalır.
Nəcəfdə İbn Həmmad adlı bir məhşur şair olmuşdur. Yuxarıda barəsində söz açdığımız şair, yəni Xəlii istəyir ki, bu şairlə bir şeir müsabiqəsi təşkil etsin. Belə qərara gəlirlər ki, hər iki şair Həzrət Əmirəlmöminin (ə) barədə qəsidə üslubunda bir mədhiyyə yazıb Həzrətin zirehinə qoysunlar və İmamın (ə) öz rəyini gözləsinlər. Şeirləri yazıb zirehə qoyurlar və sonra onları götürürlər. Cavab gəlir! Xəlii yazdığı qəsidənin sonunda qızıl rənglə, İbn Həmmadın yazdığı qəsidənin sonunda isə gümüş rənglə “Afərin!” yazılmışdır.
Deyilənə görə İbn Həmmad bu cavabdan sonra sanki gileylənərək hərəmdən çıxmış və həmin gecə imamı (ə) yuxuda görür və Həzrətə belə ərz edir: “Uzun illərdir ki, sizin hərəminizin astanasındayam. Mənim yazdığım qəsidəni gümüş imza, amma onun qəsidəsini qızıl imza ilə imzaladınız?!”
Həzrət (ə) buyurur: “Sən bizim özümüzdənsən, amma Xəlii hələ təzəcə yetişənlərdəndir“.
İmamlarımızın (ə) belə bir yanaşması var, yenicə yetişənlərə daha çox diqqət yetirirlər! Kim tövbə edə, peşmançılıqla onlara üz tutsa, onu çox yaxşı qarşılayar, ev sahibliyi edərlər!