Ustad Abdullah Fatimi Niya buyurur: Qum şəhərində böyük şəxsiyyətlərdən olan bir seyid yaşayırdı. Onun həmin şəhərdə nəşriyyatı var idi. Əllamə Təbatəbainin xüsusi tələbələrindən hesab olunurdu və onun sirlərinin məhrəmi idi. Bu seyid yüksək mənəviyyata sahib hal əhli olmuş və bu sirri daima gizli saxlayırdı. Bir gün o bizi öz mənzilinə dəvət etmişdi. Mən başqa bir şəxslə birlikdə ona qonaq oldum. Söhbət zamanı onun göz yaşlarının surətinə axtığının şahidi olduq.
O, Əllamə Təbatəbai barədə bir əhvalatı nəql edərək dedi: “Bir gün Əllamə ilə işim var idi, buna görə də onun mənzilinə getməli oldum. Qapını nə qədər döydüm və gözlədim, onu üzümə açan olmadı. Məlum oldu ki, mənzildə kimsə yoxdur. Birdən qulağıma səs gəldi: “Qapını döymə, ağa “Nov” qəbiristanlığına gedib!”
Ətrafımda heç kim yox idi. Öz-özümə dedim: “Gedim qəbiristanlığa, bununla qulağıma gələn səsin doğru olub-olmadığını da öyrənmiş olaram.”
Tələsik özümü qəbiristanlığa çatdırdım və ağanın qəbirlər arasında dolaşdığının şahidi oldum. Ona yaxınlaşarkən özümü hazırladım ki, başıma gələnləri ona danışım. Düşünürdüm ki, hətta o, buna şübhə edərsə belə, and içərəm.
Ona yaxınlaşan kimi mənə dedi: “Özünü itirmə, bu səslərdən çox olur, yalnız bu səsləri eşidən lazımdır!”