Quranda insanı uca edən də, alçaldan da onun ruhudur. Ruhun isə kişisi-qadını olmur.
Qurani-kərim insanın yaranışını mərhələ-mərhələ təsvir edir. Əvvəlcə bir damla nütfə, sonra laxtalanmış qan, sonra şəkil. Kişi və ya qadın olmaq məhz bu bədən mərhələsində müəyyən olunur. Ruh isə bundan sonra gəlir: “Ona Öz ruhumdan üfürdüm.” Yəni insanın həqiqi “mən”i bədəninin cinsinə bağlı deyil.
Buna görə Quran dəyərlərdən danışanda heç vaxt cinsi meyar götürmür. Elm və cəhalət, iman və küfr, təqva və günah, səbr və təvəkkül, doğruluq və xəyanət ruhun sifətləridir. Elmin kişisi, səbrin qadını olmur. Ərəb dilindəki “sabir” və “sabirə” fərqi sadəcə qrammatikadır, səbrin özü isə birdir.
Quran bunu açıq deyir: “Kişi olsun, qadın olsun, kim mömin olaraq yaxşı iş görsə, ona mütləq gözəl bir həyat yaşadacağıq.” Başqa ayədə isə: “Allah yanında ən hörmətliniz ən təqvalınızdır.” Meyar təqvadır, bədənin forması deyil.
Bunun ən gözəl sübutu Quranın örnək seçdiyi insanlardır. Allah Fironun həyat yoldaşı Asiyəni “iman gətirənlərə” misal çəkir. Burada “iman gətirən qadınlara” deyilmir. Deməli, o, yalnız qadınlara deyil, bütün möminlərə, kişilərə də örnəkdir.
Asiyə özünü “ən uca rəbb” elan edən bir zalımın sarayında yaşayırdı. Amma duası belə idi: “Rəbbim, mənim üçün Öz yanında, Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar.” O, əvvəl Allahın yaxınlığını, sonra Cənnəti istədi. Zülmdən qurtulmaqla yanaşı, zalımın əməlinə bənzəməkdən də qorunmaq istədi.
Quranda örnək göstərilən kişi təkcə kişilər üçün, örnək göstərilən qadın da təkcə qadınlar üçün nümunə deyil. Yaxşı insan bütün yaxşılara, pis insan isə bütün pislərə misaldır.
Nəticə: İnsanı cinsinə görə ucaltmaq və ya alçaltmaq Quranın baxışı deyil. Hər kəsin qarşısında eyni yol açıqdır: elm, iman, təqva və gözəl əməl.