Allah Təala Qurani-Kərimi müsəlmanlara, onları hidayət etməsi və səadətə çatdırması üçün göndərmişdir. Əgər biz Quranı oxuyur, lakin ona əməl etmiriksə, bu zaman Quranı oxumağın bizə heç bir faydası olmur. Çünki Quran – əməl olunmalı səma kitabıdır. Onu oxuyub sadəcə əzbərləmək kifayət deyildir, əslində Quran məhz əməl meydanında özünün əsil simasını nümayiş etdirir. Məsumlarımız (ə) da bizləri daima Qurana əməl etməyə təşviq etmişdilər.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Quranı öyrənər və ona əməl etməzsə, Allah onu Qiyamət günü kor məhşur edər. O, soruşar: “Allahım, məni nə üçün kor məhşur etmisən, halbuki mən görən idim?”. Buyurar: “Necə olur ki, sən bizim ayələri oxumusan və yadından çıxartmısan və ona əməl etməmisən?””.
İmam Əli (ə) buyurur: “Quranı sizə tövsiyə edirəm. Başqaları Qurana əməl etməkdə sizi qabaqlamasınlar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim Quranı əzbərləyər və ona əməl edər, böyük peyğəmbərlərlə (ə) (birlikdə) olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Cəhənnəmdə bir məkan vardır ki, atəş əhli oradan nicat üçün hər gün 70 min dəfə dua edərlər”.
Soruşurlar ki, bəs həmin məkan kimlər üçündür?
Həzrət (s) buyurur: “Quran əhli olan şərabxorlar və namazı tərk edənlər üçündür”.
İmam Əli (ə) buyurur: “Hər kim Allahın kitabına əməl edər – başqalarını qabaqlayar”. (Həvzəh/Deyerler)
İmam Sadiq (ə) buyurur: “O zaman ki, insan Qurandan bir surə öyrənər və sonra onu unudar və ya tərk edərsə, o. behiştə daxil olan zaman yuxarıdan gözəl simalı biri ona deyər ki, məni tanıyırsan? Deyər: “Xeyr”. Deyər: “Mən həmin surəyəm ki, məni unutmusan və ya məni tərk etmisən””.