Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər
عَنِ ابْنِ أَبِي نَجْرَانَ قَالَ: سَمِعْتُ أَبَا الْحَسَنِ (ع) يَقُولُ: مَنْ عَادَى شِيعَتَنَا فَقَدْ عَادَانَا وَ مَنْ وَالاهُمْ فَقَدْ وَالانَا. لِأَنَّهُمْ مِنَّا خُلِقُوا مِنْ طِينَتِنَا، مَنْ أَحَبَّهُمْ فَهُوَ مِنَّا وَ مَنْ أَبْغَضَهُمْ فَلَيْسَ مِنَّا. شِيعَتُنَا يَنْظُرُونَ بِنُورِ اللَّهِ وَ يَتَقَلَّبُونَ فِي رَحْمَةِ اللَّهِ وَ يَفُوزُونَ بِكَرَامَةِ اللَّهِ. مَا مِنْ أَحَدٍ مِنْ شِيعَتِنَا يَمْرَضُ إِلَّا مَرِضْنَا لِمَرَضِهِ وَ لَا يَغْتَمُّ إِلَّا اغْتَمَمْنَا لِغَمِّهِ وَ لَا يَفْرَحُ إِلَّا فَرِحْنَا لِفَرَحِهِ. وَ لَا يَغِيبُ عَنَّا أَحَدٌ مِنْ شِيعَتِنَا، أَيْنَ كَانَ فِي شَرْقِ الْأَرْضِ وَ غَرْبِهَا. وَ مَنْ تَرَكَ مِنْ شِيعَتِنَا دَيْناً فَهُوَ عَلَيْنَا وَ مَنْ تَرَكَ مِنْهُمْ مَالًا فَالْوَرَثَةُ (فهو لورثته). شِيعَتُنَا «الَّذِينَ يُقِيمُونَ الصَّلاةَ وَ يُؤْتُونَ الزَّكاةَ» وَ يَحُجُّونَ الْبَيْتَ الْحَرَامَ وَ يَصُومُونَ شَهْرَ رَمَضَانَ وَ يُوَالُونَ أَهْلَ الْبَيْتِ وَ يَبْرَءُونَ مِنْ أَعْدَائِنَا. أُولَئِكَ أَهْلُ الْإِيمَانِ وَ التُّقَى وَ أَهْلُ الْوَرَعِ وَ التَّقْوَى. مَنْ رَدَّ عَلَيْهِمْ فَقَدْ رَدَّ عَلَى اللَّهِ وَ مَنْ طَعَنَ عَلَيْهِمْ فَقَدْ طَعَنَ عَلَى اللَّهِ، لِأَنَّهُمْ عِبَادُ اللَّهِ حَقّاً وَ أَوْلِيَاؤُهُ صِدْقاً. وَ اللَّهِ إِنَّ أَحَدَهُمْ لَيَشْفَعُ فِي مِثْلِ رَبِيعَةَ وَ مُضَرَ، فَيُشَفِّعُهُ اللَّهُ فِيهِمْ لِكَرَامَتِهِ عَلَى اللَّهِ عَزَّ وَ جَلَ.
İmam Musa Kazim (ə) buyurdu: Şiələrimizlə düşmənçilik edən bizimlə düşmənçilik edib, onlarla dostluq edən bizimlə dostluq edib. Çünki onlar bizdəndir və bizim “tinət”imizdən (torpaq, yaradılış xəmiri, fitrət) yaradılıblar. Hər kəs onları sevsə, bizdəndir, hər kəs onlara nifrət etsə və onlara qəzəbli olsa, o bizdən deyil.
Bizim şiələrimiz Allahın nuru ilə görürlər, (bəsirətlidirlər, haqqı batildən ayıra bilirlər və fitnələr zamanı düşmənə aldanmırlar).
Onlar Allahın rəhmət dəryasına qərq olublar və Allahın kərəm və ehsanını qazanıblar.
Bizim şiələrimizin hər hansı biri xəstələnərsə, biz də onun xəstəliyi ilə xəstələnərik, hər hansı biri qəmlənərsə, biz də onun qəmi ilə qəmlənərik, hər hansı biri şad olarsa, biz də onun şadlığı ilə şad olarıq.
Bizim şiələrimiz yer üzünün şərqində də olsalar, qərbində də olsalar, bizdən qaib və pünhan deyildirlər – (yəni, biz onları gözümüzdən itirmərik, hər yerdə onları görürük, vəziyyətlərindən xəbərdarıq).
Şiələrimizdən birinin borcu olduğu halda ölərsə, onun məsəluyyəti bizim üzərimizədir, əgər onlardan biri miras qoyub gedərsə, o miras onun varislərinə çatacaq.
Bizim şiələrimiz “o kəslərdir ki, namazlarını qılırlar və zəkatlarını verirlər” və Həcc ziyarətinə gedirlər, Ramazan ayında oruc tuturlar, Əhli-Beyti (ə) sevirlər və bizim düşmənlərimizdən bizardırlar.
Həqiqi pərhizkar, iman əhli, təqva və sahibi bizim şiələrimizdirlər. Onları qəbul etməyənlər, Allahı qəbul etməyiblər, onlara tənə vuranlar, Allaha tənə vurublar. Çünki Allahın həqiqi bəndələri onlardır və onlar Allahın sadiq dostlarıdırlar. And olsun Allaha, Qiyamət günü onlar “Rəbiə” və “Müzər” tayfalarının sayı qədər günahkarları şəfaət edəcəklər. Və Allah da onların şəfaətini qəbul edəcək, çünki onların Allah yanında hörmət və abırları var.
Şeyx Səduq, Üç ayın fəziləti, hədis:95.