Ötən həftə Bakının “Hacı Cavad” məscidində ilahiyyatçı Əhliman Rüstəmovun imamətliyi ilə növbəti Cümə mərasimi baş tutub. Axund imam Əlinin (ə) fəzilətlərindən, eyni zamanda dünya, mal-dövlət, vəzifə hərisliyindən bəhs edib.
“Xəlifəliyi dövründə həzrəti Əlinin (ə) vəzifəyə qoyduğu, yaxud vəzifədə olan dostlarını Müaviyə (l.ə) xilafəti qəsb etdikdən sonra işdən çıxarmağa başladı. Harada həzrəti Əlinin (ə) dostları vardısa, Müaviyə (l.ə) hamısını işsiz qoydu. Onların içərisində bir nəfər mədinəli də var idi. O, işdən çıxarıldıqdan sonra öz vətəninə qayıtdı. Mədinədə həmin şəxsin geri qayıdışını eşidənlər onu qarşılamağa getdilər. Hər kəs ona “eybi yoxdur, başqa iş taparsan” deyib təsəlli verməyə çalışırdı. O, bundan əsəbləşib dedi: “And ola Allaha ki, mən işdən çıxarılmağıma görə zərrə qədər narahat deyiləm”. Onun bu sözlərinə mədinəlilər təəccübləndilər. Sözünə davam etdi: “O adam pis olar ki, işin, mal-dövlətin hərisi olsun. And olsun Allaha, həzrəti Əli (ə) məni o vəzifəyə təyin etdikdə əksinə mənim narahatçılığım daha da artdı. İnsan gərək dünya hərisi olmasın”.
Həzrəti Əli (ə) “dünyanın 3 dəfə talağını vermişəm”,- deyə buyurub. Həqiqətən bu belə idi. Həzrətin başına qılınc vuranda o dedi: “And ola Kəbənin rəbbinə, canım qurtardı”. O demədi ki, ölürəm kömək edin, əksinə şükür etdi.
İbn Abbas Əlinin (ə) əmirliyindən çox öyünə-öyünə danışdı. Həzrət bunu eşitdikdə əlində çarığını yamayırdı. O, ibn Abbasa dedi ki, Allaha and olsun ki, əmirlik etmək mənim üçün bu çarıqdan da qiymətsizdir. İmam Əli (ə) o cür qüdrətlə, dəyanətlə qılıncı əlinə götürsə və mədinəlilərin hamısı da gəlsə idi, Əlinin qarşısını kəsə bilməzdilər. Peyğəmbər (s) dünyasını dəyişdikdə İmama (ə) qılınc təklif etdilər və söylədilər ki, sən başçılıq et, nə qədər əsgər istəyirsənsə, yığacayıq. Başqaları xilafət davasına çıxdığı zaman O (ə), peyğəmbərə (s) təkbaşına məzar qazdı. Həzrəti (s) dəfn etdikdən sonra evinə getdi. Nə üçün? Çünki O xilafət uğrunda qan tökülməyini istəmirdi”.
Sonda xətib Fərəc duasını oxuyaraq söhbətini bitirdi.
“AzadNews” qəzeti
www.ahliman.info