“Allah-taala insanlara dünya və axirət səadətinin təminatçısı olan peyğəmbərləri göndərib. Bununla bəşəriyyət üçün qaranlıqlardan nura yol açıb. Buna Allah-taala Quranın bəzi ayələrində işarə edib. Bəşəriyyətin dünya və axirət yolunu, o yolun bələdçisini insanlara təyin edib. Peyğəmbərlərin öhdələrində neçə vəzifə olub ki, onlardan biri də insanları paklaşdırmaq, onlara hikmət, elm öyrətmək olub”.
Bu fikirləri “Hacı Cavad” məscidinin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov bildirib.
İlahiyyatçının sözlərinə görə, Allah Qurani-kərimdə buyurur ki, Peyğəmbər sizin üçün ən böyük nümunədir: “Allah bunu təkcə ibadət, itaət, yaxud digər hansısa spesifik məsələdə deməyib. Yəni bütün məsələlərdə – məişət, ictimai-siyasi həyatımızda, dünya və axirət səadətinə çatmaq üçün Həzrət Məhəmməd Peyğəmbər (s) bizim üçün böyük bir nümunədir.
Hacı Əhliman Rüstəmov, həmçinin bütün dünya müsəlmanlarını, o cümlədən Azərbaycan xalqını Peyğəmbərin (s) mövlud günü münasibəti ilə təbrik edib.