Ayətullah Cavadi Amuli buyurur:
Müstəhəb oruc tutan və iftar vaxtı öz yeməklərini – «altından çaylar axana cənnətlər» ixtiyarlarında olduğu halda – yetimə, əsirə və miskinə verən Allah dostlarına deyilir:
فَادْخُلِي فِي عِبَادِي وَادْخُلِي جَنَّتِي
«Mənim bəndələrimin zümrəsinə daxil ol! Və Mənim Cənnətimə daxil ol!»[1]
Çünki onlar ali hədəflərə görə oruc tuturlar. Cənnətə daxil olmaq və oranın ürəyə yatan meyvələrində istifadə etmək üçün oruc tutanların orucu, sadəcə bir növ sövdələşməyə bənzəyər.
Orucla başqa ibadətlərin fərqlərindən biri də budur ki, başqa əməllər barədə deyilir: Mömin dünyadan gedərkən Allahın mələkləri onu qarşılayar və deyərlər:
سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ
«Salam olsun sizə! Pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!»[2]
Onlar üçün cənnətin qapıları açılar və onlara deyilər ki, hansı qapıdan istəyirsinizsə, daxil olun. Oruc tutan barədə isə Allah-Təala buyurur: «Mən özüm onu mükafatlandıracağam».
Bu, orucun hökm və qaydalarından deyil. Çünki bu, nə fiqhin bəhs etdiyi vacib, ya müstəhəb bəhslər silsiləsindəndir, nə də orucun qayda-qanunları bəhsindən. Qeyd olunanlar orucun hikmətlərindəndir. Burada Allahın özünün mükafatlandırması üçün insan bu məqama necə çata biləcəyindən söhbət gedir.
İbn Əsir deyir: Allah-Təalanın qüdsi hədisdə dediyi «oruc Mənə məxsusdur və Mən onun əvəzini verəcəyəm» kəlamındakı məqamlardan biri budur ki, şirk və bütpərəstlik məktəblərinin heç birində heç kəs bütlər üçün oruc tutmazdı. Onlar üçün namaz qılar, qurbanlıq kəsər və başqa ayinlər icra edərdilər. Oruc yanlız Allaha məxsusdur. Heç bir müşrik və bütpərəst bütə sitayiş edərkən, ona yaxınlaşmaq üçün oruc tutmaz. Oruc yalnız Allahın göstərişidir. Başqa ibadətlər Allahdan başqası üçün də icra olunub. Orucu isə Allah-Təala özünə aid edib və oruc tutanın mükafatını da öz öhdəsinə götürüb.[3]
[1] «Fəcr» surəsi, ayə 29-30.
[2] «Zumər» surəsi, ayə 73.
[3] İbn Əsir «Nihayə» cild 1, səh. 270.