Cəmiyyətdə yas və toy məclislərində yol verilən israfçılığa qarşı inzibati qadağaların tətbiqi ilk gündən birmənalı qarşılanmadı. Səslənən iradlarda, bu qadağaların ilk növbədə, şadlıq evləri və restoranlarda yol verilən hüdudsuz israfçılıq hallarına tərbiq edilməli olduğu vurğulanır.
İslaminsesi.az saytı bu məsələ gündəmə gələndən bəri mövzu ilə bağlı din xadimlərinin mövqeyini öyrənərək oxuculara təqdim edir. Bu günə qədər fikrini öyrəndiyimiz bütün müsahiblərimiz israfçılığı birmənalı olaraq pisləyib. Növbəti hömsöhbətimiz, Hacı Cavad məscidinin imam-camaatı Hacı Əhliman Rüstəmov söhbət zamanı məsələnin digər aspektlərinə də toxundu.
– Quranda yemək-içmək barəsində ayə var ki, yeyin-için, israf etməyin, deyilir. Bəli, həqiqətən də Allah israf edənləri sevmir. Bu, insanın bütün yaşam tərzinə, ilk növbədə, onun Allanın göndərdiyi ruziyə münasibətinə aiddir. İstər evində olsun, istər cəmiyyətdə insan fərd olaraq öz hərəkətlərinə, yeyib-içməyinə diqqət etməlidir.
Məsələn, yasda ehsan yemək israf deyil, amma bir neçə yeməyin verilməsi israfdır.
İsraf özü ümumi bir mövzudur. İnsanlar öz evlərində də israfçılığa yol verə bilərlər. O da ola bilər ki, israf halları hansısa məclisdə olsun. Bu məsələni təkcə yasa, toya aid etmək düzgün deyil. Söhbət insanların bu istiqamətdə maarifləndirilməsindən gedir. İslam tarixində bununla bağlı gözəl nümunələr az deyil.
Həzrət Əli(ə) duzla südü süfrədə yanaşı görsəydi onlardan birinin götürülməsini istərdi. Yəni ikisinin birlikdə süfrəyə qoyulması artıq onun üçün israfçılıq idi. O zaman bu məsələyə belə prizmadan yanaşılırdısa, indiki dövrümüzdə artıq bir- iki yemək qoyulması israf sayılmır. Amma eyni vaxtda, 10-dan artıq növ yeməyin verilməsi həddən çox israfa yol vermək deməkdir.
Şadlıq evlərində, restoranlarda belə hallarla tez-tez qarşılaşmaq mümkündür. Amma bəzən elə yas məclisləri də olur ki, ehsan olaraq süfrəyə 2-3 növ yemək, növbənöv təamlar, çərəzlər, şirniyyat və meyvə qoyulur. Bu da israfçılıqdır. Yəni ehsan vermək deyil, süfrədə israfçılıq etmək günahdır.
www.ahliman.info