Qurani-Kərimin bir çox ayələrində cəhənnəm əhlinin çəkdiyi əzablara işarə edilmişdir. Bu əzabların bəziləri ruhidir ki, onlarla tanış olaq:
1. Allahın gözündən düşmək və Onunla rabitəni itirmək. “(Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!»”. (“Muminun” 108).
2. İlahi rəhmətdən uzaq olmaq. Və (onlara) deyilər: «Siz (dünyada) bugünkü görüşünüzü unutduğunuz kimi, (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır»”. (“Casiyə” 34).
3. Behiştdəki dostlarına verilən nemətləri müşahidə etmək. “Və Cəhənnəm əhli Cənnət əhlini səsləyəcək ki: «Sudan və ya Allahın sizə verdiyi ruzidən bizim üstümüzə tökün». Deyəcəklər: «Həqiqətən Allah bu ikisini kafirlərə haram etmişdir»”. (Əraf” 50).
4. Cənnət əhli ilə aralarında olan söhbət. “Və Cənnət əhli Cəhənnəm əhlini səsləyəcəklər ki: «Biz Rəbbimizin bizə vəd etdiyini doğru və sabit gördük, siz də Rəbbinizin sizə vəd etdiyi şeyi haqq və sabit gördünüzmü?». (Cəhənnəmdəkilər) deyəcəklər: «Bəli!» Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: «Allahın lənəti olsun zalımlara!»”. (“Əraf” 44).
5. Həsrət. “(Küfr və zülm başçılarına) tabe olanlar deyərlər: «Kaş bizim üçün (dünyaya) bir qayıtmaq (imkanı) olaydı və onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşaydıq». Allah onların (dünya) əməllərini bu cür həsrət amilləri kimi onlara göstərər. Onlar Cəhənnəm odundan əsla çıxan deyildirlər”. (“Bəqərə” 167).
6. Təhqir, zillət, xarlıq. “Sonra başının ortasından bütünlüklə əzab və işgəncə olan qaynar su tökün. (Və deyin:) «Dad ki, doğrudan da sən həmin qüdrətli və möhtərəmsən!». (“Duxan” 48-49).
7. Əzabın sonsuz olması. “Onlar (Cəhənnəmin məmurunu) çağırarlar (ki): «Ey (Cəhənnəmin) maliki! Rəbbin(ə de) bizi öldürsün və məhv etsin». O deyər: «Şübhəsiz, siz (burada) qalacaqsınız»”. (“Zuxruf” 77).
8. Cəhənnəmdən qaça bilməmək. “Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!”. (“Həcc” 22).
Allah Təala bu dəhşətdən Özü aman versin!
Allah Təala bizləri bu əzablardan uzaq etsin!