Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər.
Qurani-Kərim – insana bu çətinliklərdən xilas yolu göstərən bir hidayətçidir. Çünki onu bəşəri Xəlq Edən göndərmişdir.
Quranın hər bir surəsi – çətinliklərdən çıxmağın açarıdır. Bu sahədə “Yasin” surəsinin xüsusi fəziləti vardır. Əgər insan bu surənin fəzilətləri ilə tanış olsa, yaxşı bilər ki, ondan fayda apara bilər.
Məsumlarımız (ə) “Yasin”i – “Quranın qəlbi” adlandırırlar. Əgər insan bədənində qəlb olmazsa, o zaman bədən də yaşaya bilməz. “Yasin” surəsi də Quranın ürəyidir.
Əgər tarixə nəzər salsaq, görərik ki, alimlərimiz mənəviyyat pillələrində yüksəlmək üçün bu surənin fəzilətlərindən faydalanmışdılar. Öz şagirdlərinə də bu surəni tövsiyə etmişdilər.
Böyük alimlərdən olan Ayətullah Hacı Şeyx Müctəba Qəzvini Xorasani öz şagirdlərinə tövsiyə edərdi ki, hər axşam yatmazdan əvvəl “Yasin” surəsini oxusunlar. Onu başlamazdan əvvəl və qurtarandan sonra 14 salavat desinlər. Yəni, bu surəni həmin salavatların arasında qərar versinlər. Şübhəsiz ki, bu 14 salavat da seyr və suluk yolunda olanların malik olduqları sirlərdən biridir.
Həmin alim buyurur: “Mən bəndə həyatımda hara çatmışamsa və hər nə əldə etmişəmsə – bu surənin bərəkətinə görədir”.
Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, “Yasin” surəsi mənəvi məqamın ucalması üçün mühüm rola malik olan surələrdən biridir.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Yasin” surəsini oxuyarsa, ona bənzəyir ki, Quranı 10 dəfə xətm etmişdir”. (Beytutə/Deyerler)
Beləliklə deyə bilərik ki, əgər gündəlik çətinliklərdən xilas olmaq istəyiriksə, gərək Quranı unutmayaq və ondan yardım alaq. Bu yolda bizə “Yasin” surəsi kömək edə bilər. Onun fəzilətlərindən faydalanaraq, həm mənəvi məqamımızı qaldıraq və həm də çətinliklərdən xilas olarıq.