Ayətullah Cavadi Amuli buyurur:
Mələklər oruc tutanları dua edərlər. Peyğəmbər (s) buyurur: «Allah-Təala bir dəstə mələyi oruc tutanları dua etmək üçün seçib. Cəbrail (ə) mənə Allahdan xəbər gətirib dedi: «Mələkləri dua etmək üçün seçmişəm. Onların duası əsla rədd edilməz».[1]
Mələklərin insan üçün etdikləri dua onun üçün xeyir və bərəkət istəməkdən başqa bir şey deyil.
Sən mələktək ucalarsan, əmələ versən əmək,
Səbr ilə tut ağacından olacaq hasil ipək.
Bu cahanda tut yarpağından ipək əldə edilirsə, barama bu yarpaqlardan ipək hasil edə bilirsə, insan da mələk ola bilər.
Quran buyurur:
مُتَّكِئِينَ عَلَىٰ فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَق
«Astarları qalın ipəkdən olan yataqların üzərində söykənərlər».[2]
Cənnətdə elə xalılar vardır ki, onun astarı ipəkdəndir. Bu ayədə Allah həmin xalıların yalnız astarının ipəkdən olduğunu bildirir. Çünki bu dünyada bizim ipəkdən daha dəyərli bildiyimiz bir şey yoxdur. Xalının özünün nədən olduğunu isə demir. Onu gedib görmək lazımdır. Astarı ipəkdən olan xalılar təbii ki, baramalar istehsal etməyib. Cənnət nemətlərini bizim əməllərimiz, namaz və orucumuz yaradır. Əlbəttə, bu xalılar cənnətin yalnız cismani ləzzətləridir. Əməllərin, xüsusilə orucun batinini dərk etməyin mükafatı isə Allaha qovuşmaqdır. Ona görə də Allah-Təala buyurur: «Oruc mənə məxsusdur və onun mükafatını Mən verəcəyəm».[3]
Quran mələklər barədə buyurur:
وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَعْلُومٌ
«Bizim hər birimizin müəyyən məqam və rütbəsi vardır».[4]
Hər bir mələyin dərəcəsi var. Bəzi mələklər oruc tutan muxlis bəndələr üçün dua edərlər. Bunlar oruc tutmayanlar üçün dua edən mələklərdən fərqlidirlər. Mələklərin dərəcələri fərqli olmaqla duaları da fərqlənər.
Biz orucumuzun batininə nə qədər fikir veririk? Sadəcə zahirdə oruc tutmaq, yemək və içməkdən çəkinmək kifayət etməz, bizim batinimizdə də oruc olmalıdır. Biz hətta qəlbimizdən Allahın bəyənmədiyi bir fikri belə keçirməməliyik. Qəlbdən heç kəsin pisliyini istəməməliyik. Unutmamamlıyıq ki, qəlbimizdən keçən hər şeyi Allah bilir.
Avamların orucu xas insanların orucundan, onların orucu isə daha xas olan insanların orucundan fərqlidir. Əgər biz oruc tutduğumuz halda, kimisə incitmək, ya hansısa bir məqama çatmaq fikrində olsaq, ya bir məqama çatdıqda başqalarına fərqli baxsaq, o zaman bizim batinimiz oruc tutmayıb. Batinimiz oruc tutmayıbsa, demək biz hələ orucun batininə çatmamışıq.
Peyğəmbər (s) buyurur: «Cəbrail (ə) mənə Allahdan xəbər gətirib dedi: «Mələkləri oruc tutanlara dua etmək üçün seçmişəm. Onların duası əsla rədd edilməz».[5]
[1] «Rovzətul-muttəqin» cild 3, səh. 228.
[2] «Rəhman» surəsi, ayə 54.
[3] «Rovzətul-muttəqin» cild 3, səh. 228.
[4] «Səffat» surəsi, ayə 164.
[5] «Rovzətul-muttəqin» cild 3, səh. 228.