Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və dərəcə qazanmağa çalışsınlar.
Bu fikirləri ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov bildirib.
İlahiyyatçının sözlərinə görə, biz bu ayın bərəkətindən, rəhmətindən istifadə etməliyik. Bu ayı Allah istəyən kimi tamam edib, başa vurmaq lazımdır. Ramazan ayı rəhmət və bərəkət ayıdır. Bu ayın ehtiramı Allah yanında böyükdür. Peyğəmbər (s) Şəbaniyyə xütbəsində buyurur ki, bu günlər Allah yanında digər günlərdən, aylardan daha fəzilətlidir. Bu ayda insanlar Allahın qonaqlığına dəvət olunublar.
Həzrət Peyğəmbər (s), həmçinin buyurur ki, ən bədbəxt adam odur ki, o, bu ayda özünü bağışlada bilmir.
Hacı Əhliman Rüstəmov, həmçinin bildirib ki, adətən, biz hörmətli bir insana müracət edəndə onun adının əvvəlində “müəllim”, “cənab” və s. sözlər işlədirik. Orucluğun da əzəməti o dərəcədədir ki, insanlara buyurulub ki, deməyin “Ramazan” gəldi, deyin ki, “mübarək Ramazan” ayı gəldi. Çünki bu ayın böyük fəziləti və rəhməti var.