Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Sentyabr 10:37
Şərh Yoxdur
7

Allahı axtarmaq çağırışı insan varlığının dərinliyindən gəlir

İnsan mürəkkəb cism çərçivəsindən kənar, bədən moketi ilə əsla məhdudlaşmayan böyük həyati yönlərə malikdir. Maddi və fiziki kostruksiyanın sərhədlərini aşan cəhətlərin öyrənilməsi üçün psixi yön əsasında araşdırma aparmaq lazımdır ki, təbiətin fizeoloji fəaliyyətlər çərçivəsinə sığmayan ən geniş üfüqləri, hisslər və instinktlərin ən zərif və ən həssas təzahürləri dərk edilsin.

İnsan varlığının substansional köklərinə dayanan və heç bir xarici amilin təsiri ilə meydana gəlməyən bir sıra dərklər var. Əmanət, ədalət, sədaqət və düzgünlük hisslərini buna misal göstərə bilərik. İnsan elm və mübahisələr mühitinə daxil olmazdan əvvəl həmin fitri məlumatları sayəsində müəyyən həqiqətləri dərk edə bilər, ancaq elmi və fəlsəfi müzakirələr mühitinə ayaq basdıqdan, beyni müxtəlif dəlil və sübutlarla yükləndikdən sonra sözügedən fitri və təbii məlumatlarını unuda və ya onlarla bağlı şübhəyə düşə bilər. Deməli, inanc və etiqadın müəyyən edilməsi fitrətdən ayrıldığı zaman ixtilaf və fərqliliklər meydana çıxır.

Dinə meyl və Allaha inam ilk mərhələdə instiktiv motivasiyalar və fitri dərklərdən qaynaqlanır, sonra təfəkkür və düşüncə vasitəsilə inkişaf edib təkmilləşir. Fitri hisslərin insan varlığındakı kökləri o qədər dərin, eyni zamanda o qədər aydındır ki, əgər insan fikir və ruhunu bütün növ dini və anti dini fikirlərdən təcrid edərək özünə və varlıq aləminə nəzər yetirsə, yaxşı dərk edər ki, mövcudat karvanı ilə bilrikdə bir istiqamət üzrə hərəkətdədir, özü istəmədən, öz iradəsindən asılı olmadan bir nöqtədən həyata başlamış, yenə də öz iradəsindən asılı olmadan naməlum bir nöqtəyə doğru hərəkət etməkdədir. Eyni həqiqəti təbiətdəki bütün mövcudatlarda müşahidə edər.

İstənilən bəsirətli insan ətrafda baş verən hadisələrə diqqətlə nəzər saldıqda ona və bütün kainata hakim olan əzəmətli bir gücün varlığını bütün varlığı ilə hiss edər. O, böyük dünyanın çox kiçik bir parçası olan insanın elm və qüdrət sahibi olduğunu gördükdə bütün dünyaya elm və qüdrətin hakim olduğunu dərk edər. Xülasə, bu nizam-intizam, dəqiqliklə hesablanmış hərəkətlər sistemi insanı təbiət aləminin fövqündə mütləq bir ağlın mövcud olduğunu, bu sistemin onun fərmanı ilə idarə edildiyini qəbul etməyə vadar edir. Çünki mövcud sistemin izahı yalnız bu şəkildə mümkündür. Hər bir şəxs dünyadakı mövqeyini analiz etdikdə onu başqa bir qüvvənin heç bir icazə almadan, heç kəsdən yardım istəmədən yaratdığını, bu dünyaya gətirdiyini, burada yaşatdığını və yenidən apardığını dərk edir.

Şəhidlər sərvəri Hüseyn ibn Əli (əleyhiməssalam) Allah-taala ilə minacatı zamanı belə buyurur: “Varlığında Sənə möhtac olan bir varlığı Sənin varlığına necə dəlil gətirmək olar? Səndən qeyrisinin nuru və işığı olduğu halda, o qeyriləri aşkar etmək üçün Sənin nurun niyə olmasın? Sən qəlb gözündən nə zaman gizli qaldın ki, bizi Sənə doğru yönəltməsi üçün dəlil və sübutlara ehtiyac duyulsun? Bizdən nə zaman uzaq oldun ki, bizi Sənə doğru çəkməsi üçün nişan və əlamətlərinə ehtiyacımız yaransın? Sənin nəzarətçi və qoruyucu olduğunu görməyən göz kor olsun… Ey öz nuru ilə bizə əyan olan Allah! Sən zahir və aşkar olduğun halda, necə gizli ola bilərsən? Öz daimi nurunla bəndələrini qoruduğun halda, necə qeyb ola bilərsən?”[1]

İnsan dünyanın harasındasa, nə vaxtsa yaradıcısı olmayan hər hansı yaranmışın, icraçısı olmayan hər hansı əməlin şahidi olduğunu deyə bilməz. Səbəblə nəticə arasında əlaqə axtarmaq insanın daxilindən gələn bir hisdir. Səbəb-nəticə qanunundan insanı heç kəs məhrum edə bilməz. Deməli, dini hiss və Yaradanı axtarmaq hissi insandan ayrılmaz bir hissdir. Hətta dünyadan xəbəri olmayan uşaq bir səs eşitdikdə və ya hər hansı hərəkəti gördükdə onun istər-istəməz səs və hərəkətin mənbəyini axtarır.

Praktiki həyat və elmi qanunların əsasında səbəb-nəticə əlaqəsi dayanır. Səbəb-nəticə qanunu heç bir istisnası olmayan qanunlardandır. Geologiya, fizika, kimya, sosiologiya, iqtisadiyyat və sair elm sahələrində mövcud olan əlaqə formalarını müəyyən etmək üçün hadisələrin meydana gəlməsində rolu olan səbəb və amillər araşdırılıb müəyyən edilir. Deməli, elm səbəbləri araşdırmaqdan başqa bir şey deyil. Bəşəriyyətin bütün inkişaf və tərəqqisi alimlərin səbəblərlə bağlı apardıqları araşdırmaların nəticəsidir.

Əgər dünyanın harasındasa öz-özünə yaranmanın mövcud olduğunu göstərən bir nümunə tapa bilsək, həmin nümunəni bütün kainata şamil etmək haqqı qazanmış olarıq. Təbii ki, səbəb-nəticə qanununun hər zaman adi əlamətlərlə təzahür etməsinə lüzum yoxdur. Çünki səbəblər çoxluğu elə bir həddədir ki, bir hadisənin meydana gəlməsində rol oynamış bütün səbəblərin hamısını müəyyən etmək tədqiqatçının imklanları xaricində ola bilər. Ancaq nə keçmişdə, nə də gələcəkdə fərdi və sosial, ümumi və konkret müstəvidə təsadüfi bir nöqtə tapmaq olmaz. Heç bir yaradılmış onu digər varlıqlardan təcrid edən özünəməxsus bir sistemə malik deyil. Hər hansı fenomenin başqa bir fenomen, eləcə də onu əhatə edən mühitlə əlaqəsi çox dəqiqliklə hesablanmış sistemin mövcudluğundan xəbər verir. Məsələn, bir ağacın yetişməsində səma və torpağa aid olan qanunlar kök və gövdə strukturu ilə uyğunluq təşkil edir. Canlı aləmin həmin ağacla əlaqəsinin tədqiqi qida və fayda prinsipinə əsaslanır. Bəs belə bir sistemi hansı təsadüf meydana gətirir?

Əgər yaradılışın hər hansı mərhələsində bir fenomen təsadüf nəticəsində meydana gəlsəydi, dünyanın məhvinə səbəb olardı. Komponent və ünsürlərin tarazlığında kiçik bir pozulma, dünyada mövcud olan şüalanma və qanunlar sistemində cüzi bir uyğunsuzluq baş versəydi, bu, əşyaların, səma cismlərinin toqquşmasına kifayət edərdi, xülasə, dünya darmadağın olardı. Əgər dünya təsadüf nəticəsində meydana gəlibsə, bəs nə üçün materialistlərin izahları təsadüf deyil, proqram və planlı izahlara əsaslanır?

Əgər bütün dünya təsadüfün məhsuludursa, o zaman təsadüfə əsaslanmayan nədir? Əgər hər hansı varlıq təsadüf nəticəsində yaranmayıbsa, o zaman onun xüsusiyyətləri və fərqli cəhətlərini göstərsinlər, araşdırıb görək dünyanın müxtəlif fenomenləri ilə uyğunluq təşkil edirmi?

Əgər təsadüf nizam-intizam və uyğunluğun əksidirsə, o zaman ondakı proqram, plan və hesabat uyğunsuz və parça-parça olmalıdır. Çünki nizam-intizam və uyğunluq anlayışları təsadüflə təzad təşkil edir.

Buna görə də təsadüfün dünya sisteminin bazasını təşkil etməsi fərziyyəsi heç bir elmi və məntiqi dəlilə uyğun gəlmir və varlıq sturkturunun həndəsi düsturunun həlli yolu kimi qəbul edilə bilməz.

Emprik elmlər təbiət komponentlərinə istənilən növ müstəqil və yaradıcı müdaxilənin qeyri-mümkün olduğunu sübut edir. Bizim bütün təcrübələr, hisslər və əqli sübutlarımız təbiətdə heç bir hadisənin səbəb olmadan meydana gəlmədiyini, bütün hadisələrin əsasında müəyyən qanunlar və dəqiq sistemin dayandığını sübuta yetirdiyi halda, təəccüblüdür ki, bəzi insanlar yüksək elmi mühakimələrə, fikir və düşüncəyə əsaslanan arqumentlərə arxa çevirərək Yaradanın varlığını inkar edirlər.

Tərbiyə və mühit amilləri fitrətin üzə şıxmasına ya maneə yaradır, ya da onu gücləndirir. Deməli, instiktiv mənbədən qaynaqlanan hiss təbiət sistemi kimi formalaşa bilir. Adətlərin əsarətinə məruz qalmamış, fitrətləri söz və terminlər rənginə boyanmamış azad insanlar etiqad və inanclardakı haqq və batil, pis və yaxşı ayrımını anlaya bilmirlər. Buna görə də fitrətdən sapmanın nəticəsi olan dinsizlik bu cür insanlarda müşahidə edilmir. Əgər kimsə sözügedən insanlara bu dünyanın sistemsiz və təsadüflərdən yarandığını desə və sözlərini də fəlsəfi terminlər qəlibinə salsa, həmin insanlara təsir göstərə bilməz. Çünki onlar bu nəzəriyyəni öz fitrətləri ilə inkar edərlər.

Lakin başı elmi mübahisələrə qarışmış insanlar bu cür terminlər rənginə boyanmış sözləri eşitdiklərində şək-şübhəyə düşürlər. Nümayəndələri təkəbbürlü, özü isə məhdud olan elmlər ağıl və fitrət pəncərəsi önündə dayanmış rəngarəng şüşələrə bənzəyir. Bu elmlərin nümayəndələri dünyaya mənsub olduqları elm və fənlərin rəngində baxır və elə düşünürlər ki, reallıqlar onların məhdud pəncərələri, ağıl və hisslərinin rəngindədir. Əlbəttə, doğru yoldan sapmaması üçün insan əqli təkamüldən əl çəkməməlidir, ancaq eyni zamanda yiyiələndiyi elmi ixtisasla qürurlanıb, onun məhdud çərçivəsi ilə məhdudlaşmamalıdır.

İnsanların çoxu elm və biliyi ağlına nərdivan edib daha yüksəyə qalxmaq əvəzinə durğunluq yolunu seçib özlərini terminlərin dörd divarı arasında həbs edirlər.

Fitrət təhlükə hiss etdikdə insana yardım göstərmək üçün tələsir. İnsan ağır problemlər və çətinliklərin təzyiqi ilə qarşılaşdığı, maddi amillər ona arxa çevirdiyi, əli hər yerdən üzüldüyü, saman çöpü kimi hadisələr dənizində batdığı və ölümün bir addımlığına çatdığı zaman gözlənilmədən həmin daxili amil onu maddi olmayan bir sığınacağa doğru yönləndirir və o, elə bir varlığın ətəyindən yapışır ki, gücü bütün güclərin fövqündədir. Bu zaman dərk edir ki, həmin varlıq mehriban və qüdrətlidir, qeyri-adi gücü ilə çarəsiz qalmış insanın əlindən yapışıb onu xilas edə bilər. Belə bir dərk sayəsində insan təhlükədən xilas olmaq üçün bütün varlığı ilə həmin gözəgörünməzdən yardım istəyir, qəlbinin dərinliyində onun güc və qüdrəti sayəsində xilas olacağını hiss edir.

Bir nəfər İmam Sadiqə (ə) deyir:

– Sofistlərin danışqları məndə çaşqınlıq yaradıb, məni Allaha tərəf yönləndir.

İmam (ə) buyurur:

  • Bu vaxta qədər gəmi ilə səfərə çıxmısanmı?
  • Bəli.
  • Gəminin xəsarət aldığı, coşqun dalğalar arasında səni batmaqdan xilas edəcək hər yerdən əlinin üzüldüyü vaxt olubmu?
  • Bəli.
  • O təhlükəli anda, məyusluq və ümidsizliyin səni ağuşuna aldığı vaxt bir sonsuz qüdrət və qüdətli bir gücün səni o qorxulu uçurumdan xilas edə biləcəyini hiss etmisənmi?
  • Bəli, olub belə bir şey.
  • O, bütün qapıların bağlandığı anlarda sənin yalvarışlarla göz dikdiyin qüdrətli Allah və ümid yeridir.[2]

Hətta iqtidarlarının ən yüksək zirvəsində olduqları vaxt Allahın əbədi gücündən xəbərləri olmayan azğın hökmdarlar da məğlubiyyət və yox olma təhlükəsi ilə qarşılaşdıqları an inkarçılığı təlqin etmiş materialist mühit və məktəblərin təlimlərini tamamilə unudur, bütün qəlbləri ilə varlıqların mənbəyi, güc və qüdrətlərin mənşəyinə üz tuturlar.

Tarix çətin və çıxılmaz şəraitlərdə fitrətləri toz-torpaqdan təmizlənmiş, ruhlarının dərinliklərində tayı-bərabəri olmayan Allaha üz tutmuş bu cür şəxslərə çox şahidlik etmişdir.

İnsanın, həyatında yer alıb ona həqiqətləri tapmaqda köməklik göstərən, beynin icad etdiyi düşüncələrdən azad edərək fitrətin istəkləri istiqamətindəki yolunu azad şəkildə seçməsi üçün ona yardım edən daxili qüvvələrdən başqa,  fitrət və ağlı yönləndirib gücləndirən, üsyankar və ifratçı qüvvələri islah edən, ağıl və fitrəti doğru yoldan sapmağa qoymayan, saxta tanrılar qarşısında əyilməkdən xilas edən bələdçi və yönləndirici bir amilə də ehtiyacı var.

İnsanı fitrətinin incə dərklərinə yönəltmək, onun özünüdərk meylini həqiqi mahiyyətinə doğru istiqamətləndirmək, ali istək və arzularını pərvazlandırmaq üçün peyğəmbərlər seçilmişdir.

Möminlərin əmiri Həzrət Əli (ə) buyurmuşdur: “Sonra Allahla əhdlərinə vəfalı olmağı tələb etmək, Haqqın unudulmuş nemətini xatırlatmaq, təbliğat vasitəsilə onlarla danışmaq, gizli ağılları oyadıb işə salmaq, qüdrət nişanələrini göstərmək üçün onlara öz peyğəmbərlərini göndərdi.”[3]

Bu təbliğat və yönləndirmə insanın yaradıcı iradəsinin işığını söndürmək, azadlığını əlindən almaq, onu düşünmə qüdrətindən və seçim ixtiyarından məhrum etmək kimi başa düşülməməlidir. Əslində, bu bir növ, inkişaf və kamillik istiqamətində pozitiv meyllərə yardım göstərməkdir. Bu, ona görədir ki, insanlar bəndlərdən azad olub, fitrətlərindən istifadə etsinlər, bütün varlıqları ilə çiçəklənsinlər.

Allah-taala Quranda belə buyurur:

“Peyğəmbər insanların bir buxov kimi boyunlarına saldıqları çətin qanunları onların üzərindən götürər. Nəticədə, ona üz tutan, hörmət və ehtiramını saxlayan, iman gətirən, yardım göstərən və onunla nazil olan nura tabe olanlar, məhz onlardır nicat tapanlar!”[4]

“Ey iman gətirənlər! Allah və elçisi sizi həyatbəxş qanunlara tabe olmağa çağırdıqda dəvətini qəbul edin!”[5]

“Ey insanlar! Sizə Rəbbiniz tərəfindən bir nəsihət, ruhi xəstəliklərinizə şəfa olan dərman gəldi!”[6]

Peyğəmbərlərin çağırışını ilk qəbul edən insanlar daxili dünyaları işıqlı olan təmiz insanlar olmuşdur. Qarşı çıxanların sırasında isə hər zaman puç qüdrətlərinə və sərvətlərinə arxalananlar, cüzi elmi bilikləri və qüsurlu ağıllarını böyük görənlər, xülyaları içində qərq olanlar yer almışdır. Yersiz təkəbbür və lovağlıqları onların istedadlarının çiçəklənməsinə, ali dəyərlərinin tumurcuqlamasına mane olmuşdur.

Alimlərdən biri belə qeyd etmişdir: “Mənəvi məsələlərdə də təklif və tələb qanunu var. Əgər insanların fitrətində din tələbatı olmasaydı, peyğəmbərlərin təklifinin heç bir mənası olmazdı. Digər tərəfdən, peyğəmbərlərin təklifinin müştərisiz qalmaması, təklif etdikləri səmərəli, qüsursuz və orijinal konsepsiyaların çoxlu sayda tərəfdarının olması da din tələbinin insanın daxilində olduğunu deməyə əsas verir.”

Ümumiyyətlə, peyğəmbərlərin təbliğatlarının əsasını Allahın varlığını sübut etmək yox, təkallahlığa çağırış təşkil etmişdir. Onlar insanları büt, günəş, ay, ulduz və sairəyə sitayişdən çəkindirirdilər ki, fitri susuzluqları büt, ulduz və günəş kimi yanlış nümunələrlə sirab olmasın, yanlışdan uzaq olan hədəfləri və dəyərləri həqiqi Tanrıda axtarsınlar, sonsuz kamilliyə könül versinlər, bu cür mükəmməl imanla bütün dəyərlər və üstünlüklərin mənbəyinə doğru tələssinlər və ən nəhayət, son məqsədə nail olsunlar.

Deməli, keçmişdə bütpərəstlik, müasir dövrdə materializm formasında təzahür edən şirk və dinsizlik bütün növləri ilə fitrətdən sapmanın nəticəsidir.

Elmi tərəqqiyə, xüsusilə elmlərin praktiki nailiyyətlərinə dünyanın hər yerində rast gəlmək olar. Sözügedən proses sayəsində çox mühüm kəşflərə imza atılmışdır. Bu kəşflərə istinad edərək tədqiq etdiyimiz mövzu ilə bağlı qiymətli nəticələr əldə edə bilərik.

Dinlər tarixini özlərinin topladıqları materiallar əsasında araşdıran sosioloq, arxeoloq və antropoloqlar dini his, daxili qüvvələr, meyllər, adət-ənənələr və cəmiyyəti formalaşdıran amilləri yeni metodla təhlil edirlər. Ancaq hər dəfə verdikləri izahlar əvvəlki izahlarla təzad təşkil edir.

Digər tərəfdən, müasir dövrün elə bir fikir cərəyanı var ki, ayrı-ayrı məktəblərin nümayəndələrinin demək olar ki, çoxunun dini hissin insan ruhunun ilk, təbii və sabit komponentlərindən olduğuna, fitri idrakın əqlin fövqündə dayandığına inandıqlarını qeyd edir.

1920-ci ildə alman filosofu Rudolf Otto sübuta yetirdi ki, dini hisdə rasional (əxlaqi) komponentlərlə yanaşı ağılüstü və ya fitri ünsürlər də var. Allaha aid olan qüdrət, müqəddəslik və böyüklük kimi atributlar onu deməyə əsas verir ki, müqəddəslik anlayışı heç bir dəlil və sübutla izah edilə bilməz. Müqəddəslik anlayışı başqa bir anlayışdan qaynaqlanmayan müstəqil bir kateqoriyadır, onu heç bir rasional və qeyri-rasional anlayışla bir tutmaq olmaz.

Müasir dövrün xüsusiyyətlərindən biri təbiət aləmində zaman anlayışının kəşf edilməsidir. Zaman cismin digər yönləri ilə birlikdə nəzərdə tutulur. Bua görə də dünyada dəyişiklik və hərəkətlə şərtlənən zamandan kənar cism yoxdur.

Müasir dövrdə insan ruhunun “dini hiss” adlanan dödüncü yönü kəşf edilmişdir. Digər üç hiss bunlardır: maraq hissi, yaxşılıq hissi, gözəllik hissi.

Dini hiss və ya müqəddəs hiss dördüncü və orijinal hissdir. Belə ki, insan fitri olaraq metafizik dünyaya meyl göstərir, digər üç hissi müstəqil şəkildə sevir. Dini hissin kəşfi ilə ruhun üç yönünün sərhədləri pozuldu və sübuta yetirildi ki,  dinə meyllilik insanın substansiyasından (zatından) qaynaqlanır. Hətta insan meşə və dağların qoynunda yaşadığı dövrlərdə də bu hiss özünü açıq şəkildə göstərmişdir.

Maraq, yaxşılıq və gözəllik hissləri əxlaq və incəsənət elmlərinin meydana gəlməsində əsas, müstəqil rola və təsirə malik olsalar da, dini hiss bu hissi fəaliyyəti və hərəkətinə zəmin yaratmış, öz hərəkət istiqamətlərində onlara köməklik göstərmiş və yaranış aləminin sirlərinin açılmasında çox qiymətli rol oynamış və oynamaqdadır.

Bir inanclının baxış bucağına görö kainat dəqiq və hesablanmış qanunlar əsasında yaradılmışdır. Hikmət və tədbir sahibi olan Allaha inam sayəsində insanın maraq hissi aktivləşir və səbəb-nəticə qanunu əsasında yaradılmış təbiətin qanun və sirlərini kəşf etməyə səy göstərir.

Dini hissin insana xas olan ali xüsusiyyətlərin inkişafı və yüksəlişi, instinktlərin tənzimlənməsi, əxlaq ağacının məhsuldarlığında oynadığı rol danılmazdır. Din yolunda addımlayan insanlar instinktiv hisslərin nəzarətdə saxlanması, gözəl xüsusiyyətlərlə cilalandırılmasını özlərinin ən mühüm dini fəzifələrindən sayırlar.

Dini təfəkkür tarix boyu gözəllik hissinin formalaşmasında rol oynayan amillərədn olmuşdur. Qədim insanlar ən böyük incəsənət əsərlərini tanrılarına hörmət əlaməti olaraq (xatirəsini əziz tutmaq üçün) yaratmışlar. Çinin heyrətamiz məbədləri, əzəmətli Misir ehramları, Meksikanın maraqlı heykəlləri, İslam şərqinin zərif və heyrət doğuran memarlıq abidələrinin ərsəyə gətirilməsinin səbəbi dini hiss olmuşdur.

Psixoloqlar hesab edirlər ki, yetkinlik yaşının durğunluğu ilə qəfil sıçrayış arasında bir əlaqə var. Həyatlarının bu dövründə insanlarda, hətta daha öncə dini məsələlərə laqeyid olan fərdlərdə də dinə qarşı xüsusi bir istək yaranır. Şübhəsiz ki, dini hiss yalnız qarşılarında heç bir maneə və səd olmadığı zaman aşkara çıxır. Lakin əks təbliğatlar kimi amillər fitri hisslər və sağlam düşüncənin hərəkət və inkişafına mane olur. Bu cür mübarizələr nəzər nöqtəsi olan təbii istək və meylləri insanın varlığından tamamilə qopara bilmir. Buna görə də maneə aradan qalxarsa, orijinal qüvvələr aktivləşir və öz fəaliyyətlərini nümayiş etdirirlər.

Bilirik ki, SSRİ-nin kommunist inqilabından yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, SSRİ vətəndaşlarının böyük bir hissəsinin ruhunun dərinliklərində dinin kökləri hələ də qurumamışdır. Bütün bu müddət ərzində dinin məhv edilməsi üçün nə qədər səy göstərilsə də, insanların daxilindəki din hissini tamamilə qopara bilməmişlər.

Deməli, materialistlərin fikirləri Allah inacına heç bir xələl gətirə bilmir. Müxtəlif idealist xalqlara xas olan mətkəblərlə müqayisədə istisnalıq təşkil edən bəzi məktəblərin fitrət yolundan uzaq düşməsi nə keçmiş, nə də müasir dünyada allahtanımanın fitri olmasına əsla nöqsan yarada bilməz. Çünki bütün məsələlərdə istisnalar mövcuddur.

Tarixi araşdırmalar bu məktəblərin əsasının miladdan 6-7 əsr əvvəl qoyulduğunu deməyə əsas verir.

[1] Ərəfə duası

[2] Biharül-ənvar, c.1, səh.41

[3] Nəhcül-bəlağə

[4] Əraf surəsi, 157

[5] Ənfal surəsi, 22

[6] Yunus surəsi, 57

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..