“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni sinəsinə sıxaraq dedi: – Oğlum, bu duanı məndən öyrən və istəyin olanda, kədər, qəm və qüssəyə tutulanda, hanısa bəla və çətin hadisə ilə qarşılaşanda oxuyarsan. Bu duanı mənə anam Fatimə (ə) öyrədib. Ona (s) isə atası Rəsulullah (s) öyrədib. Peyğəmbərə (s) də Həzrət Cəbrayil (ə) xəbər verib. Dua belədir: (اللهم) بِحَقِ يس وَ الْقُرْآنِ الْحَكِيمِ وَ بِحَقِ طه وَ الْقُرْآنِ الْعَظِيمِ يَا مَنْ يَقْدِرُ عَلَى حَوَائِجِ السَّائِلِينَ يَا مَنْ يَعْلَمُ مَا فِي الضَّمِيرِ يَا مُنَفِّسُ عَنِ الْمَكْرُوبِينَ يَا مُفَرِّجُ عَنِ الْمَغْمُومِينَ يَا رَاحِمَ الشَّيْخِ الْكَبِيرِ يَا رَازِقَ الطِّفْلِ الصَّغِيرِ يَا مَنْ لَا يَحْتَاجُ إِلَى التَّفْسِيرِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا Oxunuşu: (Əllahumə) Bi-həqqi Yasin, vəl-Quranil-Həkim. Və bi-həqqi Taha vəl-Quranil-əzim. Ya mən yəqdiru əla həvaicis-sailin. Ya mən yə`ləmu ma fiz-zəmir. Ya munəffisu ənil-məkrubin. Ya müfərricu ənil-məğmumin. Ya rahiməş-şeyxil-kəbir. Ya raziqət-tiflis-səğir. Ya mən la yəhtacu ilət-təfsir. Səlli əla Muhəmmədin və ali Muhəmməd. – (və hacətlərini istə). Tərcüməsi: “İlahi, səni and verirəm Yasin və Qurani-Həkimə, Taha və Qurani-Əzimə. Ey istəyənlərin hacətlərini verməyə qadir olan, ey batində (gizlində, sinə və ürəkdə) olan gizli sirləri bilən, ey qəmlilərin qəmini və qüssəsini aradan aparan, ey qocalara rəhm edən, ey südəmər uşaqlara ruzi verən, ey izah olunmağa ehtiyacı olmayan Allahım, Məhəmməd və Ali-Məhəmmədə (s) salam və salavatını göndər” – (sonra hacətlərini istə: mənim istəklərimi əta elə, mənə problemlərdən çıxış yolunu göstər, ürəyimdəki qəmimə təskinlik ver). Qütbüddin Ravəndi, “əd-Dəvat” (Səlvətul-Həzin), s.54, hədis (dua): 137 (1-ci nəşr, Qum, 1407 hq.); Əllamə Məclisi, “Biharul-Ənvar”, c.92, s.196, bab:106 (Beyrut çapı). P.S: Bu duanı ehtiva edən hədisi 6-cı hicri-qəməri əsrinin görkəmli şiə alimi, müfəssir, mühəddis, tarixçi, fəqih, mütəkəllim və filosof Şeyx Qütbüddin Səid ibn Abdullah ibn Hüseyn ibn Hibətullah ibn Həsən Ravəndi Kaşani (vf. 573 hq) sənədsiz nəql edib. Amma bu məsələ duanın mötəbərliyinə zərər vurmur. Çünki müəllifin bu kitabda metodu şiənin etibarlı hədis və dua qaynaqlarında olan duaları müxtəsər toplamaq və hamı üçün faydalı olacaq bir kitab yazmaq olmuşdur. Dua və əxlaqi məsələləri ehtiva edən hədisləri toplayarkən qədim alimlər sənəd məsələsinə ciddi yanaşmayıblar. Sadəcə mötəbər kitablarda olanları toplayıblar. Buna görə ki, dua və əxlaqi məsələlər insanın pak fitrətinə (yaradılış ruhuna) və sağlam ağıla uyğun gəlməzsə, istənilən insan bunu özü başa düşür. Təbii ki alimlərimiz də sağlam ruh və ağıla uyğun olanları seçməklə yanaşı hədisi əxz etdikləri mühəddis və ya hədis kitabının mötəbər olmasına da diqqət ediblər, sadəcə kitabın həcimli olmasının qarşısını almaq üçün sənədləri ixtisara salıblar. Qeyd edim ki, mərhum Ravəndinin mübarək məzarı Qum şəhərində Həzrət Məsumənin (s) ziyarətgahının həyətindədir. Hərəmin “güzgülü həyət”inə İrəm xiyabanı tərəfdən girərkən həyətdə gördüyünüz tək qəbirdir.