Abdullah ibn Məsud rəvayət edir ki, günlərin bir günü Rəsulullah (s) şam və xiftən namazını qılıb qurtarandan sonra bir kişi ayağa qalxıb dedi: – Ey Mühacir və Ənsar tayfası! Mən qərib bir kişiyəm, heç nəyim yoxdur, mənə yemək verin.
Rəsulullah (s) buyurdu: – Ey dərviş, qəribçilikdən danışıb məni narahat etmə! Dörd dənə şey qəribdir: 1 – Əgər bir yerdə məscid olsa və orada yaşayanlar gedib namaz qılmasalar, həmin məscid qəribdir; 2 – Əgər bir evdə Quran olsa və evin sahibləri onu oxumasa, o Quran qəribdir; 3 – Əgər bir xalqın arasında alim olsa və xalq ondan dini məsələləri soruşmasa, həmin alim qəribdir; 4 – Dördüncü qərib isə kafirlərin arasında əsir olmuş müsəlmandır.
Sonra Rəsulullah buyurdu: Hər kəs bu kişinin ehtiyacatını ödəsə, Behiştə gedəcək. Həzrət Əli (ə) ayağa qalxıb, həmin kişinin əlindən tutub öz evinə apardı. O, Həzrət Fatimeyi-Zəhraya (s.ə) dedi: – Ey Rəsulullahln (s) qızı, bu qonaq üçün yemək hazırla!
Fatimeyi-Zəhra dedi: – Ya Əli (ə), evdə yemək azdır, Həsən və Hüseyn (ə) da acdırlar və sən özün də oruc tutubsan. Evdə olan yemək isə bir nəfərlikdir.
Həzrət Əli (ə) buyurdu: – Uşaqları yatızdır və həmin yeməyi qonağa ver!
Sonra Fatimeyi-Zəhra (s.ə) yeməyi gətirdi. Həzrət Əli (ə) yeməyi qonağın qarşısına qoydu. O Həzrət öz-özünə fikirləşirdi ki, əgər yemək yesəm qonağ doymayacağ; əgər yeməsəm qonağ narahat olacaq. Buna görə də çırağın işığını artırmaq bəhanəsi ilə onu söndürdü. Fatimeyi-Zəhra (s.ə)-a dedi ki, qonaq yeməyi yeyib qurtarana qədər çırağı yandırma, qoy bizə yeməyin çatmamasını bilməsin. Həzrət Əli (ə) özüdə ağzını tərpədirdi ki, qonaq elə bilsin o da yemək yeyir. Qonaq yeməyi yeyib qurtarandan sonra Fatimeyi-Zəhra (s.ə) çırağı gətirdi. Həzrət Əli (ə)-ın gözü qonağın qabına sataşdı, gördü ki, yemək olduğu kimi qalıbdır. Buyurdu: – Ey qonaq, nə üçün yeməyini yemirsən?
Dedi: Doydum.
Sonra Həzrət Əli (ə), Fatimeyi-Zəhra (s.ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), Fizzə və qonşular həmin yeməkdən yedilər, lakin ondan artıq da qaldı.
Həzrət Əli (ə) sabahısı gün Rəsulullahın (s) yanına gəldi. Peyğəmbər (s) buyurdu: – Ya Əli, dünən axşam necə keçdi?
Əli (ə) buyurdu: – Yaxşı keçdi.
Sonra Həzrət Peyğəmbər (s) çırağın sönməsini və yeməyin bərəkət tapmasını danışdı.
Həzrət Əli (ə) dedi: – Ya Rəsulullah, sizə kim bu xəbəri verdi?
Peyğəmbər (s) buyurdu: – Cəbrayıl yanıma gəldi və bu xəbəri çatdırandan sonra bu ayəni mənə nazil etdi:
وَيُؤْثِرُونَ عَلَىٰ أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ
«Özlərini ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar».[1]
[1] «Həşr» surəsi, ayə 9.