İmam Kazım (ə) öz davamçılarına həyat işlərini nizama salmaq üçün proqram təqdim etmişdir ki, onunla tanış olaq.
Əziz İmam (ə) buyurur: “Çalışın ki, vaxtınız dörd saata bölünsün: Allahla münacat saatına, həyat işlərini görmək saatına, qardaşlarınızla ünsiyyət saatına, haram olmayan ləzzətlər üçün xəlvətə çəkildiyiniz saata.
Bu bir saatda, o biri üç saat üçün güc toplayarsınız.
Özünüzə yoxsul olmağı və uzunömürlü olmağı təlqin etməyin. Çünki hər kim yoxsul olmağı özünə təlqin edərsə, simic olar. Hər kim özünə uzun ömrü təlqin edərsə, çox şey istəyər. Özünüz üçün dünyadan pay qərar verin.
Özünüzə o qədərini verin ki, halal olsun və alicənablığı aradan aparmasın, onda ifrat olmasın. Dünyadan olan bu paydan dini işləriniz üçün yardım alın. Çünki nəql edilir ki, bizdən deyildir o kəs ki, dünyasını dininə görə buraxar və ya dinini dünyasına görə buraxar”.
İmam (ə) buyurur ki, insan gərək gününü elə tənzimləsin ki, bu dörd əməli yerinə yetirə bilsin.
Birincisi, Allahla münacat etməyə vaxtı olsun. İbadət edib, Allaha dua etsin. Onunla dərdləşsin.
İkincisi, ruzi qazanmaq üçün vaxtı olsun. Əgər insan yaxşı yaşamaq istəyirsə, gərək ruzi qazanmaq üçün səy göstərsin və ikincisi isə qənaət etməyi bacarsın.
İmamın (ə) tövsiyə etdiyi üçüncü əməl – din qardaşları ilə ünsiyyətdir. İmam (ə) buyurur ki, əgər dostun varsa və din qardaşlarınla dostluğun vardırsa – onlarla ünsiyyət bağlamaq üçün vaxt ayır. Qoy dostların sənin eyiblərini sənə tanıtsınlar. Sənə haqqı göstərsinlər. Səni doğru yola hidayət etsinlər.
İmamın (ə) tövsiyə etdiyi dördüncü əməl – istirahətdir. İnsanın istirahət etməsi, o biri üç əməl üçün güc toplamasına yardım edər. Ona görə də insan gün ərzində istirahət etmək üçün də vaxt ayırmalıdır.
Hər kim gününü İmamın (ə) buyurduğu kimi tənzim edərsə və planlaşdırarsa, şübhəsiz ki, xeyir əldə edər və gününün boş keçməsindən çəkinmiş olar.
Belə insan tərəqqi edər və kamala çatar. (Hədənə/Deyerler)