Qurani-kərim və rəvayətlərdə Allahı yad etməyə böyük əhəmiyyət verilmişdir. Bu əhəmiyyətə görədir ki, hədislərdə müfəssəl olaraq ilahi zikr, onun dünya və axirətə faydası, kəmiyyət və keyfiyyəti və s. kimi mövzular araşdırılıb təhlil edilmişdir. Həmçinin, dil və qəlblə olan zikr, onların hansının daha üstün olması və zikrin təklikdə və xəlvətdə deyilməsi daha yaxşıdır, yoxsa göz qabağında və cəmdə deyilməsi barəsində Əhli-beyt (ə) və din alimləri tərəfindən fikirlər söylənilmişdir.
Rəvayətlərdən birində imam Sadiq (ə) buyurur: “Hər hansı bir qövm məclisə toplaşdıqları zaman Allahı və bizi yad etməzlərsə, qiyamət günü həmin məclisin peşmançılığını çəkəcəklər”.
Və həmçinin buyurur: “Bizi yad etmək də Allahı yad etmək deməkdir”[1].
Allahı zikr etməyin əhəmiyyətini nəzərə alaraq yenə də imam Sadiq (ə) buyurur: “Məclisdən qalxdığınız zaman bu ayəni oxuyun:
«Sənin yenilməz qüvvə sahibi və (mülkündə) hər şeyə qalib olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha da həmd olsun!»”[2].
Bu səbəbdən Allahın zikri hər zaman insanın qəlbi və dilində olmalıdır. Bu zikrin xüsusi məkana, zamana, məclisə aidiyyəti yoxdur. Hədisi-qüdsidə deyilir: “Həzrət Musa (ə) Allaha-təalaya belə ərz etdi: «İlahi! Bəzi yerlərdə və hallarda Sənin adını dilə gətirməyə, Sənin haqqında düşünməyə utanıram». Allah buyurdu: «Məni yad etmək hər yerdə bəyəniləndir»“.
Allahın zikrinə bu qədər təkid edilməsi, zikrin insanı əxlaqi rəzilətlərdən çəkindirməsi və onu çatdırmasında oynadığı roluna görədir. Çünki insan həmişə Allahı yad etmiş olsa, özünü hər zaman Allah dərgahında hazır görsə, Allahın razı olmadığı işlərə toxunmaz və nəfsini tüğyan etməyə qoymaz.
Şeytan və nəfsi-əmmarə tərəfindən baş verən bütün xətaların əsas səbəbi, insanın Allahı yad etməkdə qəflətə dalması və Onun verəcəyi əzabı yaddan çıxarmasıdır.
Haqdan qafil olmaq insan qəlbini qaraldır və nəticədə, şeytan və həvayi-nəfs insanı qələbə çalır. Bunun müqabilində haqqı yad etmək, insan qəlbinə səfa gətirir və onun ruhunun nəfsin əsarətindən azad olmasına, əxlaqi rəzalətlərdən silinib xalisləşməsinə səbəb olur. Belə olan surətdə bütün xəta və azğınlıqların mənşəyi olan dünya məftunluğu ürəkdən qovulub çıxarılır.
Rəvayətlərin birində Peyğəmbəri-əkrəm (s) buyurur: “(Bilin ki,) Allah yanında (görə biləcəyiniz) ən yaxşı işiniz, sizin dərəcənizi yüksəldən ən pakizə əməl və günəşin nur saçdığı ən yaxşı şey, Sübhan Allahı zikr etməyinizdir. Çünki Allah Özü xəbər verərək buyurur: «Mən, Məni yad edənin yoldaşıyam!»” [3].
Başqa bir rəvayətdə imam Sadiq (ə) buyurur: “Əzəmət və cəlal sahibi olan Allah buyurur: «Bir adam mənim zikrimə məşğul olmaqla (vaxt tapıb) öz istəklərini məndən diləyə bilməsə, Mən ona, onun məndən diləyə biləcəyindən qat-qat üstün mükafat əta edərəm»“[4].
Əzəmət və cəlal sahibi olan Allah İsaya (ə) buyururdu: “Ey İsa! Məni yad et ki, Mən də səni yad edim. Məni xalq arasında da yad et ki, Mən də səni insan toplusundan daha üstün bir toplumda (mələklər arasında) yad edim. Ey İsa! Ürəyini Mənim üçün mülayim et və tək-tənha olduğun vaxtlarda məni çox xatırla. Bil ki, Mən, Mənə təvazökar olduğun zaman şad oluram. Bu iş üçün ürəyini həmişə diri (oyaq) saxla və ölü (süst) olma” [5].
Quranın, Allahın zikrinə olan təkidi o həddədir ki, Quranda insanın namaz qılmasındakı hədəfi, Allahı zikr etməsi bildirilir. İslamda namazın əhəmiyyət və yerini nəzərdə tutsaq, zikrin hansı əhəmiyyətə malik olduğu bizə daha aydın olar:
“…Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!” [6].
Bildiyimiz kimi, hədəf vasitədən daha mühümdür. Bu ayədən belə anlaşılır ki, Allahın zikri namazdan daha önəmlidir. Həqiqətdə, namaz Allah-təalanı anmaq üçün bir vasitədir. Söz burasındadır ki, namaz özündə bir sıra zikr və ayələri, xüsusi əməl və hərəkətləri əhatə etməsinə baxmayaraq, Allahın zikri üçün necə vasitə hesab edilir?
Bu müəmmanın izahında deyə bilərik ki, namaz özünün bir sıra xüsusi əməlləri və onda oxunan zikrləri ilə heç də zikr hesab olunmur. Zikr əslində qəlbi və ruhi diqqətə əsaslanır və insan ürəyinin Yaradanın zatı ilə olan rabitəsidir. Deməli, insan ona görə namaz qılır ki, Allahla özü arasında qəlbi bağlılıq və təmərküz əldə etsin. Buna görə də, namaz özlüyündə bir vasitədir və hədəf qəlbi əlaqənin yaradılmasıdır ki, şübhəsiz, namazın özündən daha şərəflidir.
[1] «Biharul-ənvar», cild 72 (beyrut çapı), səh. 468.
[2] «Saffat» surəsi, ayə 180-182.
[3] «Uddətul-va᾽i», səh. 238.
[4] «Üsuli-Kafi», cild 4, səh. 261.
[5] Həmin mənbə, səh. 264.
[6] «Taha» surəsi, ayə 14.