Allah Təala Quranda “Peyğəmbərlərdən “Ulul-əzm” olanların səbr etdiyi kimi səbr et!” deyə buyurur.
Peyğəmbərlər Mütəal Allahın yer üzündə elçiləri, vəhy alıb xalqa çatdıranı, nümayəndələləridir. Onlar da (ə) hər kəs kimi yaradılış etibarı ilə insandırlar. Lakin, Allahın xüsusi inayəti ilə yetişmiş, xüsusi ilahi elmə sahib olan insanlardır.
Allahın elçiləri 3 adla tanınır: Nəbi, rəsul və ulul-əzm peyğəmbərlər. Peyğəmbər ümumi mənadadır. Yəni nəbi.
“Nəbi” ümumi mənada Allahdan vəhy, xəbər alan və ya xəbər gətirən mənasındadır. Bütün peyğəmbərlər nəbi hesab olunur.
“Rəsul” kəlməsi də peyğəmbərlərə aid edilir və Allahdan vəhy almaqla yanaşı həmçinin kitab, səhifə, hər hansı yazılı vəhy alan peyğəmbərlərə deyilir. Bütün rəsullar nəbi hesab olunur. Lakin bütün nəbilər rəsul deyildir.
“Ulul-əzm” peyğəmbərlər isə yalnız şəriət sahibi olan peyğəmbərlərə deyilir. 5 ulul-əzm peyğəmbər vardır və onların hamısı rəsul və nəbi hesab olunur. Lakin bütün nəbi və rəsullar Ulul-əzm peyğəmbər hesab olunmur.
Ulul-əzm peyğəmbərlər: Hz.Nuh (ə), Hz.İbrahim (ə), Hz.Musa (ə), Hz.İsa (ə) və İslam peyğəmbəri Hz. Muhəmmədir(s).
İmam Sadiq (ə) Quranda zikr olunan “Ulul-əzm” ifadəsinə belə aydınlıq gətirir:
“Onların (ə) Ulul-əzm adlanmalarının səbəbi şəriətə sahib olmalarıdır. Beləki Hz.Nuhdan (ə) sonra bütün nəbilər o Həzrətin (ə) şəriətinə tabe idilər. Bu, Hz. İbrahimin (ə) zamanına qədər davam etdi.
Hz.İbrahim (ə) zamanında və ondan (ə) sonrakı vaxtlarda gələn bütün nəbilər o Həzrətin (ə) şəriətinə tabe idilər. Bu Hz.Musanın (ə) zamanına qədər davam etdi.
Hz. Musa (ə) ilə eyni zamanda olan və ondan (ə) sonrakı bütün nəbilər o Həzrətin(ə) şəriətinə tabe oldular. Bu hal Hz.İsanın (ə) zamanına qədər davam etdi.
Hz.İsanın (ə) zamanında yaşayan və sonra gələn bütün nəbilər o Həzrətin (ə) gətirdiyi şəriətə tabe oldular. Bu sonuncu peyğəmbər Hz. Muhəmmədə (s) qədər davam etdi.
Bu 5 nəfər (ə) Ulul-əzm peyğəmbərdir. Onlar (ə) bütün nəbi və rəsulların ən üstün və fizilətliləridir. Hz. Muhəmmədin (s)şəriəti isə qiyamət gününə qədər qalacaq, qüvvədən düşməyəcəkdir. O Həzrətdən (s) sonra kim peyğəmbərlik iddiası etsə, yaxud bir “kitab” gətirdiyini desə, həmin adamın qanı onun bu sözünü eşidənlərə halaldır.”//İslaminsesi.info
(Uyunu əxbari ər-Riza 2/80)