“Təvəssül” sözü “vəsələ” sözündən götürülmüşdür və yaxınlaşmaq mənasını verir. Bu gün təvəssül sözü bizim Əhli-beytə (ə) münasibətdə etdiyimiz xüsusi əmələ şamil edilir. Həzrət Peyğəmbəri (s) və ya İmamlardan (ə) birini Allah dərgahında vasitə qərar veririk. Bu yolla Allahdan hacətimizi istəyir və onlara xatir günahlarımızın bağışlanmasını istəyirik. Onları Allah yanında öz şəfaətçimiz qərar veririk.
Təvəssül məsələsinin Quranda kökləri vardır. Məsələn, oxuyuruq: “Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız”. (“Maidə” 35).
Vasitə sözünün geniş mənası vardır. Allah dərgahına yaxınlaşdıran hər bir iş və hər bir şey vasitə hesab edilir. Necə ki, İmam Əlidən (ə) “Nəhcul-bəlağə”də qeyd edirlər: “Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitə – Allaha və Onun Peyğəmbərinə (s) iman bəsləmək, Allah yolunda cihad etməkdir ki, İslamın dağ başında olan qalasıdır. Həmçinin, ixlas kəlməsi olan (Lə İləhə İlləllah) tövhidin fitrətidir. Namaz qılmaq ki, İslamın ayinidir. Zəkat vacibatdır, Ramazan ayının orucu ki, İlahi günahın qarşısındakı qalxandır. Həcc və ümrə yoxsulluğu uzaqlaşdırar və günahları yuyar. Sileyi-rəhm sərvəti çoxaldar və ömrü uzadar. Gizli infaq günahları aradan aparar, aşkar infaq isə ani və pis ölümləri uzaqlaşdırar. Yaxşı işlər insana süqut etməkdən nicat verər”.
Allaha yaxınlaşmaq vasitələri: peyğəmbərlər (ə), İmamlar (ə), saleh bəndələrdir. Həmçinin Peyğəmbərin (s) və İmamların (ə) getdiyi yolla getmək bizi Allaha yaxınlaşdırar.
Bunu qeyd etmək yerinə düşər ki, təvəssül o demək deyildir ki, Peyğəmbərdən (s) və ya İmamlardan (ə) müstəqil şəkildə nəyisə istəyirik. Əksinə, təvəssül o deməkdir ki, saleh əməl, Peyğəmbər (s) və İmamların (ə) ardınca getməklə Allaha onların məqamını and verməklə nəyisə istəyirik. Bu təvəssüldə şirkin heç bir iyi və qoxusu yoxdur. Bu təvəssül həmçinin Quran ayələrinin əksinə də deyildir.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təaladan mənim üçün vasitə istəyin ki, vasitə behiştdəki dərəcədir. Bir nəfərdən başqası ora çatmaz və ümid edirəm ki, Allahın o bir bəndəsi mən olum”.
Əgər vasitə sözünə diqqətlə nəzər salsaq, görərik ki, Peyğəmbərin (s) Allah yanındakı məqamı deməkdir. Həzrət (s) bu məqamın sayəsində Allaha yaxınlaşa bilir. Ali-Tahiri və ondan sonra isə saleh bəndələr Həzrətə (s) qoşulurlar. Biz Peyğəmbərin (s) ətəyindən yapışırıq.
Qurana nəzər salsaq, təvəssülün çox sayda nümunəsinə rast gəlmək olar. Onlardan biri də Yusifin (ə) qardaşlarının Həzrəti Yəquba təvəssül etməkləri olmuşdur. “(Yəqubun oğlanları) dedilər: «Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik»”. (“Yusif” 97).
“Dedi: «Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır»”. (“Yusif” 96).
Həzrət Peyğəmbərə (s) təvəssül etmək.
“Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər”. (“Nisa” 64).
Bu ayə açıq şəkildə bəyan edir ki, Peyğəmbərin (s) sorağına gedin və onu Allah dərgahında şəfaətçi qərar verin. Çünki onun günahkar üçün istiğfar etməsi təsiredicidir. İlahi rəhmətə səbəb olar. Əgər təvəssül şirkdirsə, onda bu ayə nə deyir? Quran günahkarlara necə belə bir əmr verə bilər ki?
Bəli, təbiidir ki, Peyğəmbər (s) günahları bağışlamır. O, ancaq Allahdan bağışlanma diləyə bilər. Yəni, Həzrət (s) öz məqamına və dərəcəsinə istinad edərək, günahkarlar üçün istiğfar istəyə bilər.