İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.
İlahiyyatçı alim hacı Əhliman Rüstəmov bu il Azərbaycan üçün fitrə zəkatının məbləğini açıqlayıb.
Hacı Əhliman bildirib ki, hər bir oruc tutan müsəlman ən çox istifadə etdiyi qida məhsulunun 3 kq çəkisi dəyərində fitrə çıxarmalıdır: “Biz ən çox çörək yeyirik. Ona görə də, un, buğda, düyü və bu kimi ərzaq məhsullarının 3 kq misli dəyərində fitrə verilməlidir. Ölkəmizdə 2022-ci ilin fitrə zəkatının məbləği adambaşına unun qiymətinə görə 3 manat, düyünün qiymətinə görə isə 10 manat edir. Əgər bir insanın gündəlik tələbatını ödəmək imkanı varsa mütləq fitrə çıxarmalıdır. Dolanışığında çətinlik olan, gündəlik qida tələbatını ödəyə bilməyən müsəlmana isə fitrə vermək vacib buyurulmur.”
İlahiyyatçının sözlərinə görə, hər bir oruc tutan şəxs ay göründükdən sonra gecikmədən fitrə çıxarmalıdır. Lakin ay görünmədən, bayramın daxil olmağı bilinmədən fitrə vermək düzgün hesab edilmir.