Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Yanvar 11:32
Şərh Yoxdur
4239

İslamdan əvvəlki dinlərdə namaz olubmu?

Namaz yalnız İslam dinində müsəlmanlara vacib edilməmişdir. Bütün keçmiş dinlərdə Allaha sitayiş, namaz qılmaq sabit bir dini hökm kimi din ardıcıllarına vacib edilmişdir. Bu, namaz qılmağın insanlarda fitri olmasını göstərir. Bir şeyin fitri olması onun hər bir zamanda və bütün insanlarda təzahür etməsidir. Ustad Mürtəza Mutəhhəri (r) fitri olana tərif verərkən yazır: “Fitri olan, bütün insanların qəbul etdiyi və onda heç bir şübhə olmayan aydın həqiqətlər mənasındadır”. (“Usuli-fəlsəfə və rəveşi-realizm”, c.1, səh. 26.) İnsanların fitrət etibarı ilə Allahpərəstliyə, duaya, namaza meylli olmasını bir çox Quran ayələri və rəvayətlər də təsdiq edir.
Qurani-kərimdə hikmət sahibi kimi tanınan Loğman (ə) oğlunu əxlaq normalarına dəvət etməklə yanaşı digər dini əmrləri, xüsusi ilə namaz qılmağı ona tövsiyə edir. Belə ki, o, ilk olaraq oğlunu Allaha şərik qoşmamağı tapşırır və ona bunun böyük bir zülm olduğunu xatırladır:
“(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)” (“Loğman”, 13.)
Sonra böyük həkim nəsihətinə davam edərək, hətta xardal dənəsi qədər istər yaxşı, istərsə də pis əməlin aradan getməməsini və müəyyən gündə ortaya çıxacağını buyurur:
“(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!” (“Loğman”, 16.)
Bütün bunları xatırlatdıqdan sonra həzrət Loğman oğlunu namaza dəvət edir və digər zəruri işlərin icrasını ona tövsiyə edir:
“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!” (“Loğman”, 17.)
Allah-taala başqa bir surədə həzrət İsmayılı (ə) xatırladır və ailəsini namaza dəvət etməklə onun razılığını qazanmasını buyurur:
“(Ya Rəsulum!) Kitabda (Quranda) İsmayılı da yada sal! O, öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi. 
O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmayılın əməli Allah dərgahında bəyənilmişdi)”. 
(“Məryəm”, 54-55.)
Göründüyü kimi, həzrət İsmayılın dininə sadiq qalmasının nişanələrindən biri də ümmətini namaza dəvət etməsi idi.
Uca Allahın Bəni-İsraillə bağladığı əhd-peymanlardan biri də onların Alladan başqasına pərəstiş etməməsi və həmişə namaz qılmaları idi. Bu haqda Quranda oxuyuruq:
“Xatırla o zamanı ki, Bəni-İsraillə Allahdan başqasına pərəstiş etməsinlər, …Namaz qılsınlar…deyə, əhd bağladıq”. (“Bəqərə”, 83.)
Həzrət Şüeyb peyğəmbərin (ə) dinində də namaz qılmaq vacib edilmişdir. “Hud” surəsində Şüeyb peyğəmbər (ə) öz qövmünə Allaha ibadət etməyi tövsiyə edərərək buyurur:
“Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur”. (“Hud”, 84.)
Uyğun sürənin 87-ci ayəsində O həzrətin (ə) qövmü kinayə ilə, “bizi dədə-baba dinimizdən ayırmanıza qıldığınız namazmı əmr edir?” – deyə sual edirlər:
“Onlar (istehza ilə) dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı (dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!” (“Hud”, 87.)
“Ali-imran” surəsində həzrət Zəkəriyyadan (ə) söz düşdükdə onun mehrabda Allahdan pak bir övlad istəməsi və eləcə namaz halında ona Yəhyanın (ə) təvəllüdü ilə bağlı müjdə verilməsi bəyan edilir:
“Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. ( Zəkəriyya: ) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” – dedikdə, o: “Allah tərəfindəndir!” – deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!
(O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”
(Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir”.
(Zəkəriyya: ) “Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan) olduğu halda, mənim necə oğlum ola bilər? ” – söylədi. (Allah isə: ) ” (Bəli) dediyin kimidir, (lakin) Allah nə istəsə, onu da edər”, – deyə buyurdu”. (“Ali-imran”, 37-40.)
“Məryəm” surəsinin 31-ci ayəsində isə həzrət İsanın(ə) dilindən nəql edilir:
“O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu”. (“Məryəm”, 31.)
Yəhudi və xristianların namazı duaya çox yaxındır. Yəhudilər günün uçüncü, altıncı, doqquzuncu və gecənin ilk və axır saatlarında, həmçinin yemək yedikləri zaman bəzi dualar edirlər. Yəhudilərin namazında rüku yoxdur. Lakin, Qurani-kərimdə Məryəmə belə xitab (müraciət) edilməsi bəyan edilir:
“Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)” (“Ali-imran”, 43.)
Məsihilər altıncı günlər cəm halında kilsədə dua oxuyurlar. Onlar İsanın (ə) həvarilərlə (Həzrət İsanın (ə) on iki şagirdi.) qıldığı son namazı ən yaxşı dua hesab edirlər. Bu dua və ya namaz Allahı təqdir etməkdən ibarətdir. Sonra onlar Allahdan hacətlərini tələb edir ( gündəlik çörəyin istənilməsi bu hacətlərdən biridir) və yenidən Allahı zikr edirlər.
Hətta cahilillik dövründə də ərəblər namaz qılırdılar. Belə ki, onlar lüt halda Kəbənin qabağına gəlib, fit və əl çalmaqla Allaha ibadət edirdilər. Ehtimal edilir ki, həzrət İbrahimin (ə) zamanında icra edilən ibadət tərzi zaman ötdükcə təhrif edilmiş və bu hala gəlmişdir. Bəlkə elə bu təhrifə görədir ki, cahil ərəblərin namazları Quranın danlağına tuş gəlmişdir:
“Onların Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!” (“Ənfal”, 35.)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Muhəmməd (s): İnsаnlаrın ən hörmətlisi, bоş şеylərdən uzаq оlаnlаrdır

Allah Qurani-Kərimdə buyurub: “О kəslər ki, bоş şеylərdən üz döndəriblər.” “О kəslər ki, yаlаn yеrə şəhаdət vеrməz və bоş şеylərlə rаstlаşsаlаr, böyüklüklə... Davamı..

Ustad Fatimi Niya: Hər ayın və günün xüsusi hidayət və nuru var

Ustad Abdullah Fatimi Niya buyurur: Rəvayətlərdən birində deyilir ki, Əmirəlmöminin Əli (ə) bəzi ayların əvvəlində ayın hilal vəziyyətinə nəzər salar və belə... Davamı..

Bu gün Mübahilə günüdür – Günün əməlləri

Mübahilə elə bir gündür ki, Həzrət Peyğəmbər (s) mübarək əbasını İmam Əlinin (ə), Həzrət Fatimənin (s.ə), İmam Həsənin (ə) və imam Hüseynin... Davamı..

Həzrət Rəsulullah (s): Kim öz dilini аğzınа çəkməsə, günаhlаrdаn аmаndа qаlmаz

Həzrət Muhəmməd Rəsulullah (s) buyurub: “Gözəllik dildədir.” “Dilin gözəlliyi insаn üçün sərmаyədir.” “Аdаm səhəri аçаndа bütün bədən üzvləri dilin qаrşısındа bаş əyərək... Davamı..

Əgər insan təbiət aləmindən çıxıb yuxarı qalxsa, o zaman niyyət edib

Ayətullah Cavadi Amuli buyurur: Deyilənlərdən məlum olur ki, niyyət əməlin canıdır. “İbadət zamanı niyət edin” deməkdə məqsəd bu deyil ki, məsələn, namaz... Davamı..

Bugün Qurban bayramıdır – Bayram gününün əməlləri

Zilhiccənin 10-cu günü yəni bugün Müqəddəs Qurban bayramıdır. Qurban bayramı gününün əməlləri 1. Qüsl almaq. 2. Qurban bayramının namazını qılmaq. 3. “Səhifeyi-Səccadiyə”... Davamı..

Ərəfə duası. Ərəbcə transkripsiya və tərcümə

  Qalib Əsədinin övladları Bişr və Bəşir rəvayət edirlər ki, Ərəfə gününün axırı Ərəfatda İmam Hüseyn (ə)-ın xidmətində idik. Həzrət xeyməsindən çıxıb... Davamı..

Cümə günü bu namazı qılan, Siratdan pərvaz edib keçər

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə günü dörd rükət namazı qılar ki, hər rükətdə “Həmd”dən sonra 51 dəfə “Tövhid” və 50 dəfə... Davamı..